Ermənistan mətbuatı: “Yuxarı Əskipara Azərbaycana təhvil veriləcək”backend

Ermənistan mətbuatı: "Yuxarı Əskipara Azərbaycana təhvil veriləcək”

Ermənistanın hakimiyyət orqanları delimitasiya prosesinin davamı olaraq anklav hesab edilən Yuxarı Əskipara (Verin Voskepar) kəndini və Kirants-Əskipara (Voskepar) dövlətlərarası avtomobil yolunun bir neçə hissəsini Azərbaycana təhvil verməyə hazırlaşır. Bu məqsədlə İrəvan rəhbərliyi ictimaiyyətdən gizli şəkildə strateji alternativ yolun tikintisinə külli miqdarda vəsait ayırıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Hraparak” qəzetində dərc olunan analitik məqalədə yer alıb.

Məqalə müəllifi Voskan Sarkisyan qeyd edir ki, hələ mayın 30-da Tavuş vilayətinin Əskipara kəndində seçkiqabağı görüş keçirən Baş nazir Nikol Paşinyan yerli sakinləri sərhədlərin yaxınlaşmasının heç bir təhlükə yaratmadığına inandırmağa çalışıb. Paşinyan Kirants kəndini nümunə göstərərək, müasir dövrdə sərhəddən 30 metr və ya 30 kilometr uzaqda olmağın əhəmiyyət daşımadığını iddia edib. O, bu çıxışı ilə dolayısı ilə sakinləri Yuxarı Əskiparanın Azərbaycana qaytarılmasından sonra azərbaycanlı hərbçilərin kəndin cəmi 30 metrliyində yerləşəcəyinə və bunun “normal” bir hal olduğuna hazırlayıb.

İcevan-Noyemberyan əlaqəsi kəsilir: 14 milyardlıq gizli layihə

Sərhədlərin müəyyənləşdirilməsi prosesi çərçivəsində mövcud İcevan-Noyemberyan yolunun bəzi hissələrinin Azərbaycana keçəcəyi gözlənilir. Bu isə vilayət mərkəzi ilə şimal rayonları arasındakı nəqliyyat əlaqəsini tamamilə iflic edəcək. Problemi həll etmək üçün Ermənistan hökuməti təcili olaraq Yenokavan-Karmirgyuğ-Cucevan marşrutu üzrə alternativ yolun çəkilişinə başlayıb.

Mənbənin Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanladığı rəsmi sorğuya cavab olaraq nazir müavini Avetik Darbinyan layihənin detallarını təsdiqləyib. Verilən rəsmi cavaba görə, sözügedən respublika əhəmiyyətli avtomobil yolunun təxminən 67 kilometrlik hissəsinin əsaslı təmiri üçün artıq tikinti müsabiqəsi baş tutub və işlərə start verilib. Müqavilənin ümumi dəyəri 14 milyard 670 milyon dram (təxminən 38 milyon dollar) təşkil edir.

“Hraparak” qəzeti vurğulayır ki, hər kiçik işi böyük təbliğat kampaniyasına çevirən Paşinyan hökuməti bu nəhəng yol layihəsini cəmiyyətdən gizli saxlayıb. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, alternativ yolun inşasından xəbər tutan Ermənistan ictimaiyyəti yaxın gələcəkdə anklav kəndlərin və strateji yol sahələrinin Azərbaycana təhvil veriləcəyini qəti olaraq anlayacaq və bu da ölkədə yeni etiraz dalğasına yol açacaq. Yerli sakinlər yaxşı dərk edirlər ki, bu ərazilərin Azərbaycana qaytarılması Ermənistan üçün ciddi təhlükələr vəd edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*