Alen Simonyan deputat mandatından imtina etdi: “İstəyirəm ki, mənim üçün bir az darıxasınız” – VİDEObackend

Alen Simonyan deputat mandatından imtina etdi: "İstəyirəm ki, mənim üçün bir az darıxasınız" – VİDEO

Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deputat mandatını götürməyəcəyini və yeni formalaşan parlamentdə fəaliyyətini davam etdirməyəcəyini rəsmən bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın kütləvi informasiya vasitələrində yer alıb.

Alen Simonyan jurnalistlərə açıqlamasında parlament sədri postunda fəaliyyətini davam etdirmək istədiyini, lakin üzvü olduğu hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin qərarına tabe olduğunu bildirib.

“Mən işimi Milli Assambleyanın sədri kimi davam etdirmək istəyirdim. Çünki tarixdə ən uzun müddət bu postu tutan və öz müddətini tam başa vuran yeganə spikerəm. Hesab edirdim ki, 5 illik fəaliyyətim davam etdirilməli idi. Lakin ortada partiya və idarə heyəti var, mən də onların qərarına tabe oluram”, — deyə Simonyan qeyd edib.

“Milli Assambleyaya gəlməyəcəyəm”

Heç kimdən incimədiyini və iş prosesində bu cür dəyişikliklərin normal olduğunu deyən spiker gələcək planları barədə bunları deyib:

“Baş nazirlə və partiyanın idarə heyəti ilə müzakirə aparmışam; mandatı götürməyəcəyəm və sıravi deputat kimi fəaliyyət göstərmək üçün Milli Assambleyaya gəlməyəcəyəm. Güman edirəm ki, hansısa mərhələdə, hansısa başqa bir sahədə ölkəmizə və partiyamıza faydalı olacağam”.

“Çox ağır 5 il oldu”

Mandatdan imtina etməsinin əsas səbəblərindən biri kimi yorğunluğunu göstərən Simonyan şəxsi həyatına vaxt ayırmaq istədiyini vurğulayıb:

“İlk növbədə bir az dincəlmək istəyirəm. Düzünü desəm, iş baxımından mənim üçün çox ağır bir 5 il oldu. Unutmayın ki, bu, müharibədən sonrakı parlament idi; müxtəlif çağırışlardan, ağır və gərgin situasiyalardan keçən bir parlament idi. Həmkarlarımla birlikdə apardığımız iş həqiqətən çox çətin idi. Eyni zamanda, mənim şəxsi həyatım var və onu da artıq birdəfəlik qaydaya salmaq istəyirəm. Həm də istəyirəm ki, bir müddət mənim üçün darıxasınız, insanları özümlə çox yormayım”.

Qeyd edək ki, hakim partiya artıq parlamentin yeni sədri postuna Ruben Rubinyanın namizədliyini irəli sürüb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*