“Ermənistan hələ də respublikanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürməyib. İrəvan isə təşkilatdan çıxmaq üçün addımlar atmayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Namizədliyə gəlincə, hazırda o, rəsmi olaraq KTMT-yə daxil edilməyib. Eyni zamanda, bildiyimə görə, bəzi namizədlər artıq müzakirə olunub, lakin hələ ki, Ermənistan tərəfdən rəsmi təklif yoxdur. Hazırda biz onun vaxtında təqdim olunacağını gözləyirik”, – deyə “İzvestiya”nın həmsöhbətlərindən biri bildirib.
Digər mənbəyə görə, İrəvan KTMT-nin fəaliyyətini dayandırmaq və ya ondan çıxmaq məqsədi daşıyan heç bir addım atmayıb.
“İndi yalnız onu deyə bilərik ki, Ermənistan tərəfinin təşkilatda iştirakına məhdudiyyətlə bağlı sayıla biləcək heç bir prosedur yoxdur”, – o deyib.
Qeyd edək ki, sentyabrın 5-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə Ermənistan Respublikasının KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqovun geri çağırılması haqqında fərman imzalayıb və o, Ermənistan Respublikasının Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına daimi nümayəndəsi və Niderlanddakı səfiri təyin edilib.
Bundan əvvəl Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərdə müəyyən çətinliklər olduğunu qeyd edib. “Biz hesab edirik ki, KTMT Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Keçən il biz KTMT ilə konsensusa gələ bilmədik. Biz öz mövqeyimizi bildirdik və təşkilata narazılığımızı bildirdik”, – deyə baş nazir vurğulayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bundan əvvəl bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük İrəvan üçün “müəyyən problemlər” yaradır, lakin onlar digər ölkələrlə əməkdaşlığı məhdudlaşdırmır.
Natiq Səlim,
KONKRET.az
