Texnologiyaların inkişafı həyatımızı asanlaşdırsa da, bəzən süni intellektə həddindən artıq güvənmək gözlənilməz və təhlükəli nəticələrə səbəb ola bilər. Vyetnamda istirahətdə olan 28 yaşlı rusiyalı turist Mariya üçün ChatGPT-dən alınan yanlış məsləhət az qala ağır faciə ilə bitəcəkdi.
KONKRET.az xəbər verir ki, hadisə Vyetnamın Nyahanq şəhərində baş verib. Permdən istirahətə gələn Mariya üç gün sonra bud nahiyəsində qəribə qızartı müşahidə edib. Əvvəlcə bunu günəş yanığı hesab edən qadının vəziyyəti bir sutka ərzində kəskin pisləşib: ayağında şiddətli yanma və ödem yaranıb, dərisi isə nəhəng qabarcıqlarla örtülüb.
Çaxnaşmaya düşən cütlük vəziyyəti dəqiqləşdirmək üçün zədələnmiş nahiyənin fotosunu süni intellektə yükləyib. ChatGPT isə fotoşəkil əsasında səhv diaqnoz qoyaraq, bunun “meduza sancması” olduğunu bildirib.
Lakin qabarcıqların sürətlə yayılmasından narahat olan turistlər risk etməyərək sığorta şirkətinə müraciət ediblər. Sığortaçılar isə simptomların meduza deyil, “tomkat” (zəhərli böcək) sancmasına bənzədiyini bildirərək, onları dərhal yerli klinikaya yönləndiriblər. Həkimlər qadının “tomkat” böcəyi tərəfindən sancıldığını təsdiqləyib və təcili müalicəyə başlayıblar. Mütəxəssislər bildiriblər ki, Mariya həkimə vaxtında müraciət edib, əks halda qabarcıqların partlaması nəticəsində qana infeksiya düşə bilərdi və bu, sepsis riski yaradırdı.
Hazırda Mariya müalicə olunur; ona günəş altında qalmaq və dənizdə çimmək qadağan edilib.
XƏBƏRDARLIQ: Mütəxəssislər qeyd edirlər ki, hazırda Nyahanqda “tomkat” böcəklərinin aktivliyi müşahidə olunur. Bu böcəkləri əllə vurmaq və ya bədəndən qovmaq olmaz, çünki təlaşa düşən həşərat dərhal zəhər buraxır. Həkimlər vurğulayırlar ki, sağlamlıqla bağlı məsələlərdə heç bir halda süni intellektin verdiyi diaqnoza güvənmək olmaz.

Natiq Səlim,
KONKRET.az
