Ermənistanda hakim “Mülki müqavilə” partiyasından olan deputat Ayk Sarkisyan hərbi xidmətdən yayınma probleminin həllinə yönəlmiş yeni qanun layihəsi təklif edib.
KONKRET.az xəbər verir ki, bu qanun layihəsinə əsasən, 27-37 yaş arası hərbi xidmətdən yayınanlar aşağıdakı variantlardan birini seçməklə cinayət təqibindən yayına biləcəklər: 6200-24800 ABŞ dolları əlavə ödənişlə 1 aydan 12 aya qədər xidmət etmək və ya 37500 dolları ölkə büdcəsinə köçürməklə xidmət etmək öhdəliyindən tamamilə azad edilirlər.
Deputat Sarkisyan əmindir ki, bu cür yanaşma bir çox vətəndaşa cinayət təqibindən qorxmadan öz vətənlərinə qayıtmağa imkan verəcək, həm də ordunun maliyyələşməsinə töhfə verəcək. Üstəlik, deputatın fikrincə, bu, dövlət büdcəsi üçün əlavə maliyyə mənbəyi olacaq.
Ermənistan Müdafiə Nazirliyi ilkin danışıqlar mərhələsində bu təklifi dəstəklədiyini bəyan edib.
Deputat iddia edir ki, bu təşəbbüs fərarilərin hərbi xidmət keçməmək istəklərinə bir növ çarə tapmaqdır.
Natiq Səlim,
KONKRET.az
