2026-cı ilin ilk beş ayında Azərbaycanda minik avtomobillərinin idxalında kəskin azalma qeydə alınıb. Rəqəmlər göstərir ki, ötən ilin yanvar-may aylarında ölkəyə 39 min avtomobil gətirildiyi halda, bu il həmin göstərici 24 minə düşüb. Bu isə təxminən 40 faizlik azalma deməkdir. İdxaldakı bu geriləmə daxili avtomobil bazarına, xüsusilə qiymət dinamikasına və tələbatın səviyyəsinə necə təsir göstərib?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, 2026-cı ilin ötən beş ayı ərzində avtomobil idxalında müşahidə edilən azalmanı iki əsas faktorla izah etmək olar:
“Birincisi, yanvarın 1-dən etibarən elektromühərrikli avtomobillərə tətbiq edilən güzəştlərin dayandırılmasıdır. Ötən üç il ərzində bu avtomobillərin idxalı zamanı gömrük və vergi rüsumlarında mövcud olan güzəştlər daxili bazarda daha münasib qiymətlərlə avtomobil təklifinə imkan yaradırdı. Xüsusilə son iki ildə bu təşviqlər nəticəsində elektromühərrikli, “plug-in hibrid” və hibrid avtomobillərin idxalında ciddi artım müşahidə olundu. Bu dövrdə yeni avtomobillərin qiyməti, hətta bəzi hallarda ikinci və üçüncü əl avtomobillərlə müqayisədə daha əlverişli idi. Lakin güzəştlərin ləğvi qiymətlərin artmasına, alıcılıq qabiliyyətinin zəifləməsinə və nəticədə bazarda tələbin azalmasına səbəb oldu”.
O bildirib ki, ikinci əsas amil isə əvvəlki dövrdə, xüsusilə taksi xidməti ilə bağlı qaydalardakı dəyişikliklərdən sonra formalaşan kütləvi tələbin aradan qalxmasıdır:
“Həmin vaxt iqtisadi, o cümlədən elektrik və hibrid avtomobillərə güclü tələb yaranmış və bu da ötən il idxalın kəskin artmasına səbəb olmuşdu. Bu il isə həmin tələb effektinin zəifləməsi ümumi idxal həcminə birbaşa təsir göstərir. Avtomobil idxalının azalması Azərbaycanda avtoparkın yenilənmə sürətini də zəiflədir və nəticədə avtoparkın orta yaşı artır. Belə vəziyyət həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymət artımını stimullaşdırır. Artıq ötən dövrdə də bahalaşma meylləri müşahidə olunurdu. Əgər bu tendensiya davam edərsə, yaxın dövrlərdə daxili bazarda avtomobil qiymətlərinin daha da artması ehtimal olunur”, – deyə o qeyd edib.
Beləliklə, ölkənin avtomobil bazarında qeydə alınan 40 faizlik azalma həm vergi qanunvericiliyindəki dəyişikliklərin, həm də daxili tələbatın doymasının birbaşa nəticəsidir. Elektrik mühərrikli nəqliyyat vasitələrinə verilən rüsum güzəştlərinin dayandırılması idxalçıların fəaliyyətini xeyli məhdudlaşdırıb. Digər tərəfdən, taksi islahatlarının yaratdığı süni alış bumu artıq tamamilə geridə qalıb. Yaranan bu durğunluq yaxın gələcəkdə daxili bazarda köhnə avtomobillərin də süni şəkildə bahalaşmasına zəmin hazırlayır. Qiymət artımının qarşısını almaq üçün rəqəmsal və ekoloji təmiz avtoparkın formalaşdırılması istiqamətində yeni stimullaşdırıcı addımların atılması qaçılmaz görünür.
