“Ermənistan xarici siyasətinin məzmununu və strategiyasını dəyişdirməlidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan bu gün jurnalistlərlə görüşündə deyib.
Sabiq xarici işlər nazirinin fikrincə, bölgədə ekspansionist ambisiyalar cilovlanmalı, siyasi və diplomatik vasitələrlə daxili və regional əks-qüvvə yaradılmalıdır.
O qeyd edib ki, tarixdə heç vaxt daimi sülh olmayıb.
“Biz o zaman sülhə nail olacağıq ki, Ermənistan dirçəlsin, özündə güc tapsın və düşmənimizin ekspansionist istəklərini tarazlaşdıracaq əks qüvvəyə çevrilsin”, – Ayvazyan bildirib.
“Biz görürük ki, bu hökumət geri çəkilmək istəmədiyi siyasəti yürütməkdə israrlıdır. Düzünü desəm, mən və bütün həmkarlarım səhv etsəydik, həqiqətən də sevinərdik, amma təəssüf ki, zaman göstərdi ki, biz o qədər də yanılmamışıq”, – deyə keçmiş xarici işlər naziri əlavə edib.
Natiq Səlim,
KONKRET.az
