Rusiya ilə Ermənistan arasında münasibətlər günü-gündən kəskinləşir. Bir-birilərini açıq şəkildə ittiham edən tərəflər təhlükəli bəyanatlar verməkdən belə çəkinmirlər.
Qərbin Ermənistanı təhlükəli oyuna təhrik etməsi Rusiyanın maraqlarına zidd olduğundan, Şimal qonşumuz müttəfiqinin atdığı addımlardan narazıdır. Rusiyalı politoloqlar Ermənistan-Rusiya münasibətlərinə müxtəlif prizmalardan yanaşıblar və fərqli mövqe nümayiş etdiriblər.
KONKRET.az xəbər verir ki, Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi Stanislav Mitraxoviç qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi göz qabağındadır. Politoloq bildirib ki, tərəflər arasında etimad yoxdur. Moskva hesab edir ki, İrəvan bilərəkdən Rusiyadan uzaqlaşma kursu həyata keçirir: “İndi Rusiyanın Ermənistandakı mövcudluğu təhlükə altındadır.
Ermənistanda Rusiya hərbi bazasını bağlamaq, Rusiya telekanallarının yayımına qadağa qoymaq və KTMT-dən çıxmaq çağırışları var. Ona görə də Rusiyadan Ermənistanın indiki hakimiyyətinə və hazırkı siyasi kursa hər hansı rəğbət gözləmək çətindir.
Maltadakı danışıqlar İrəvanın vəziyyəti gərginləşdirməyə yönəlmiş hərəkətlərinin daha bir göstəricisidir. Hətta Çin bu danışıqlarda iştirakdan imtina etdi, çünki Rusiyasız danışıqları mənasız hesab edirdi. Lakin İrəvan iştirak etmək qərarına gəlib”, – deyə o vurğulayıb.
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsi ilə bağlı vəziyyəti təkrarlamaq cəhdlərinə gəlincə, Mitraxoviç bildirib ki, Rusiya nəyin necə baş verdiyinin fərqindədir: “Ermənistan Azərbaycana qarşı bu alətdən istifadə edə bilməz, lakin Putinlə bağlı BCM-in qərarını nəzərə alsaq, bu, Rusiya üçün ciddi çağırışdır.
Hələlik Ermənistanın Rusiyadan uzaqlaşdırılması istiqamətində mövcud tendensiyanı dəyişə biləcək məqamlar yoxdur. Hesab edirəm ki, belə bir siyasi kurs Ermənistanın özü üçün problemlərlə nəticələnə bilər. İrəvan nədənsə bunu nəzərə almır. Ermənistan güman edir ki, onun problemlərini Qərb asanlıqla həll etməyə qadirdir. Mən onların yerində olsaydım, çox diqqətlə düşünərdim”.
Digər rusiyalı politoloq Aleksandr Ryabtsovun fikrincə isə İrəvanın dünyadakı vəziyyətlə bağlı dəqiq siyasi xətti yoxdur:“Bunu mən demirəm. Artıq sübut olunub ki, İrəvanın həqiqətən də uzunmüddətli diplomatik fəaliyyət planı, xarici siyasət strategiyası yoxdur. Ermənistan siyasəti plastilin kimi dəyişkəndir. Paşinyan və komandası bu gün bir, sabah başqa bəyanat verir. Onlar təxminən 2020-ci ildə Ermənistan təslim olandan bəri belə yaşayırlar. Ermənistanın baş naziri plan qurmur, daim “həm bizim, həm də sizin” prinsipi ilə oynayır. Ona görə də Ermənistanın xarici siyasəti diplomatik kobud səhvlərdən ibarətdir. İndi İrəvan Qərblə yaxınlaşma kursunu müəyyənləşdirib, lakin Paşinyan və komandası belə qərarların risklərini hesablamır.
Moskva İrəvana “dayəlik” etməkdən yorulub. Qərblə yaxınlaşmağa çalışan İrəvan özünü etibarlı tərəfdaşsız görür. Amma Paşinyanın qərarlarında nədənsə hər şey xaotikdir. Məsələn, İrəvan nədənsə Rusiya Federasiyasının Qafanda Baş Konsulluğunun açılmasını dəstəkləyib. Görünür, bunun regiondakı oyunda ona kömək edəcəyinə inanıb. Lakin bu, situasiyanı heç bir şəkildə dəyişdirmir. Ermənistan dövlətçiliyini itirmək ərəfəsindədir”, – deyə A.Ryabtsov fikrini yekunlaşdırıb.
Vəli Həsənov,
KONKRET.az
