Həyətyanı sahələrində kiçik tikinti işləri aparmaq istəyən bəzi vətəndaşlar yerli icra hakimiyyəti orqanları ilə problemlə üzləşirlər. Bəzi hallarda tikililərin qanunsuz olduğu bildirilir və onların sökülməsi tələb edilir.
Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, son dövrlər xüsusilə sovet dövründə inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının həyətlərində qanunsuz zəbt olunmuş sahələrin və həmin ərazilərdə tikilmiş obyektlərin sökülməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Ekspertin sözlərinə görə, bəzi sakinlər illər əvvəl binaların ətrafındakı ümumi istifadədə olan torpaq sahələrini hasarlayaraq bağ və ya digər məqsədlər üçün istifadə etməyə başlayıblar. Həmin ərazilərdə müxtəlif tikililər də inşa edilib.
“Hazırda aparılan söküntü işləri əsasən qanunsuz şəkildə zəbt edilmiş torpaq sahələrində tikilən obyektlərə aiddir. Əgər vətəndaşın torpaq üzərində mülkiyyət və ya istifadə hüququnu təsdiqləyən sənədləri yoxdursa, həmin tikililər qanunsuz hesab edilir. Onların sökülməsi ilə bağlı qərar verilə bilər”, – deyə Elnur Azadov qeyd edib.
Ekspert vurğulayıb ki, həyətyanı sahədə hər hansı tikinti işinə başlamazdan əvvəl torpaq sahəsinin hüquqi statusu dəqiqləşdirilməli, zəruri hallarda müvafiq icazə və razılıqlar alınmalıdır. Əks halda sonradan tikilinin qanunsuz hesab olunması və sökülməsi riski yaranacaq.
Mütəxəssisin fikrincə, mübahisəli halların qarşısını almaq üçün vətəndaşlar tikinti işlərinə başlamazdan əvvəl aidiyyəti qurumlara müraciət etməli və mövcud qanunvericiliyin tələblərini öyrənməlidirlər. Bu, həm əlavə maliyyə itkilərinin, həm də hüquqi problemlərin qarşısını almağa kömək edə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

