Yas mərasimlərində pul yığılması və xüsusilə mərasimləri idarə edən şəxslərə ödənişlərin verilməsi məsələsi uzun illərdir ictimai müzakirələrin mövzusudur. Bəziləri bu sahədə vahid tariflərin tətbiqini və dövlət nəzarətinin gücləndirilməsini təklif etsə də, digərləri bunun tərəflər arasında qarşılıqlı razılaşma əsasında tənzimlənməsinin daha doğru olduğunu düşünür.
Bəs bu istiqamətdə dövlət tərəfindən hər hansı tənzimləmə mexanizmi tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, bir insan hansısa işi başqasına həvalə edirsə, həmin əməyin qarşılığını ödəməsi normal və məqbul haldır.

Onun sözlərinə görə, dəfn və yas mərasimləri zamanı görülən xidmətlər də istisna deyil:
“İnsan öz vəfat edən yaxınını yumağı və ya kəfənləməyi bacarmırsa, bu işi başqa şəxsə tapşırır və həmin şəxsin zəhmət haqqını verməlidir. Bu, bütün sahələrdə keçərlidir. İslam cəmiyyətlərində əslində hər kəs bu işləri yerinə yetirməyi bacarmalıdır. Eyni zamanda yas məclisini idarə etmək üçün dəvət olunan şəxs vaxtını və əməyini sərf edir. Buna görə də onun zəhmətinin qiymətləndirilməsi təbiidir”.
İlahiyyatçı qeyd edib ki, mərasimi idarə edən şəxs elə bir məbləğ tələb etməməlidir ki, bu, qarşı tərəfdə narazılıq yaratsın:
“Burada məsuliyyət müəyyən mənada mərasim sahibinin üzərinə də düşür. İnsanlar əvvəlcədən məbləği razılaşdırmalıdırlar. Yas məclisini idarə edən şəxsin mütləq hansısa qurumun üzvü olması tələbi yoxdur. Bəzən qohumlar, tanışlar və ya dini biliklərə malik digər şəxslər də bu vəzifəni yerinə yetirirlər. Müraciət zamanı ödəniş məsələsi öncədən danışılmalıdır. Bu, dini mənbələrdə də tövsiyə olunan yanaşmadır”.
Fazil Əhməd vurğulayıb ki, cəmiyyətdə geniş yayılan bəzi dini ənənələr vacib dini hökm kimi qəbul edilməməlidir:
“Məsələn, 40 gün ərzində mütləq Quran oxutdurulması dini baxımdan vacib hesab olunmur. Buna görə insanların əlavə xərc çəkməsi zəruri deyil. Bu kimi məsələlər ətrafında bəzən fikir ayrılıqları yaranır”.
Ekspert hesab edir ki, dövlət tərəfindən konkret tariflərin müəyyənləşdirilməsi hazırda tətbiq edilən praktika deyil:
“Bu sahədə rəsmi şəkildə təsdiqlənmiş məbləğ yoxdur. Ödənişlər tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Lakin istənilərsə, məsələn, dini qurumlar tərəfindən tövsiyə xarakterli orta qiymətlər müəyyən oluna bilər. Dəfnin təşkili, mərasimin idarə olunması və digər xidmətlərin ümumi dəyəri ilə bağlı çərçivə sənədi hazırlanaraq aidiyyəti qurumlar tərəfindən təsdiqlənə bilər. Bu, prosesə müəyyən qədər rəsmilik qazandırar. Hazırkı şəraitdə isə bu münasibətlər əsasən mərasim sahibi ilə xidməti göstərən şəxs arasında razılaşma yolu ilə tənzimlənir”.
İlahiyyatçı yaxın perspektivdə bu istiqamətdə dövlət səviyyəsində xüsusi qərarın qəbul olunacağını gözləmədiyini də əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
