Azərbaycanda təkbaşına azyaşlı övlad böyüdən qadınların iş və ailə məsuliyyətlərini eyni anda yerinə yetirməsi üçün çevik iş qrafiki, məsafədən iş və əmək güzəştlərinin tətbiqi zaman-zaman müzakirə olunur. Ekspertlər hesab edir ki, bu mexanizmlər xüsusilə çalışan anaların gündəlik yükünün azalmasına və əmək bazarında daha fəal iştirakına şərait yaradacaq.
Bəs belə güzəştlərin tətbiqi təkbaşına övlad böyüdən qadınların həyatını nə dərəcədə asanlaşdıra bilər?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, çevik iş qrafikinin tətbiqi əsasən işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşmadan asılıdır.

“Əgər qadın dövlət sektorunda və ya qurumlarında çalışırsa, çevik iş qrafikinin tətbiqi daha rahat mümkündür. Özəl sektorda isə bu, müəyyən çətinliklərlə müşayiət oluna bilər. Çünki özəl şirkətlərdə iş prosesinin xüsusiyyətləri və istehsal tələbləri belə imkanları hər zaman yaratmır.
Dövlət müəyyən mexanizmlər tətbiq edə bilər ki, çevik iş qrafikindən istifadə edən müəssisələrə və ya işəgötürənlərə əlavə güzəştlər təqdim olunsun. Bu da xüsusilə təkbaşına övlad böyüdən qadınların iş və ailə həyatını daha rahat uzlaşdırmasına kömək edər. Dövlət qurumlarında isə belə modellərin tətbiqi daha asandır və qısa müddətdə həyata keçirilə bilər”.
N.Cəfərli vurğulayıb ki, çevik iş rejimi və məsafədən çalışma imkanları təkbaşına azyaşlı övlad böyüdən anaların əmək bazarında qalmasına, həmçinin ailə məsuliyyətlərini daha rahat yerinə yetirməsinə müsbət təsir göstərə bilər.
Aynurə İsmayıl
KONKRET.az
