Alqoritm tələsi: Onlar diqqətimizi necə oğurlayır?backend

Alqoritm tələsi: Onlar diqqətimizi necə oğurlayır?

“Sosial mediada niyə neqativ xəbərlər, mənasız ‘reels’lər, əsassız fikirlər və boş adamlar daha çox izlənir? Çünki onlar cəmiyyətə qorxu, qalmaqal, dedi-qodu pompalayır, boş vədlər verir. Beyin isə hələ də özünü savannada hesab edir. Min illər əvvəl insanın həyatda qalması üçün təhlükəni hamıdan tez hiss etməsi lazım idi. Kolda xışıltı eşidəndə bunun külək yox, yırtıcı ola biləcəyini düşünənlər sağ qaldı. Beynimiz də həmin dövrlərin mirasını bu günə qədər daşıyır. Ona görə də dava, təhqir, qalmaqal, qorxu və nifrət diqqətimizi cəlb edir.”

KONKRET.az xəbər verir ki, bu sözləri ekspert Rəşad Cabirli sosial media alqoritmlərinin insan instinktlərini necə istismar etdiyini və rəqəmsal dünyadakı böyük diqqət mübarizəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə baş alıb gedən bu trend bir insani qüsur deyil, birbaşa biologiya ilə bağlıdır və müasir alqoritmlər sadəcə bu qədim instinktləri idarə edir:

“Biz artıq savannada yaşamırıq, ətrafımızda yırtıcılar deyil, alqoritmlər var. Onlar insanı dəyişmirlər, sadəcə insanın ən qədim instinktlərini güzgü kimi qarşısına qoyurlar. Nəyə daha çox baxırıqsa, nəyə daha çox reaksiya veririk, onu daha çox görürük. Beləcə qalmaqal görünür, səssiz zəhmət görünmür. Səs-küy görünür, dəyər görünmür. Dağıdanlar görünür, quranlar görünmür. Bu səbəbdən də bəzən peşəkar pislər cəmiyyətə peşəkar yaxşılardan daha çox təsir edə bilir. Çünki onlar insan diqqətinin necə işlədiyini öyrəniblər. Yaxşılar isə çox vaxt yalnız haqlı olmağın kifayət etdiyini düşünürlər. Halbuki tarix göstərir ki, həqiqətin qalib gəlməsi üçün onun sadəcə doğru olması kifayət etmir. Həqiqətin görünməsi, eşidilməsi və hiss etdirilməsi də lazımdır. Bizim problemimiz çox vaxt həqiqətin olmaması deyil, həqiqəti danışanların onu çatdırmaq gücünün zəif olmasıdır. Peşəkar yaxşılar daha çox çalışmalı, daha aydın danışmalı və daha təsirli anlatmalıdır. Çünki dünya artıq yalnız kimin haqlı olduğuna baxmır, kimin daha yaxşı anlatdığına da baxır. Əgər dəyər yaradanlar təsir yaratmağı öyrənməsələr, təsiri dəyər yaratmayanlar idarə edəcək. Bəlkə də bu dövrün ən böyük mübarizəsi yaxşı ilə pisin deyil; diqqəti idarə edənlə, diqqəti itirənin mübarizəsidir.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*