Finlandiyanın Daxili İşlər Nazirliyi yaxın vaxtlarda hökumətə Rusiya ilə sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı təklif hazırlayacaq.
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen çıxış edib.
Onun sözlərinə görə, buna səbəb Somali, Yəmən, Suriya və digər ölkələrdən qaçqınların nəzarətsiz gəlməsidir. “RİA Novosti”nin verdiyi xəbərə görə, ötən həftə Rusiya sərhədindəki keçid məntəqəsindən 71 qaçqın keçib.
Rantanen bildirib ki, keçid məntəqələrinin iş saatlarının məhdudlaşdırılması kimi yumşaq tədbirlər deyil, məntəqələrin bağlanması da daxil olmaqla, daha sərt tədbirlər görüləcək.
Əvvəllər xəbər verildiyi kimi, noyabrın 9-dan Finlandiya sərhədçiləri ölkənin cənub-şərqindəki bəzi keçid məntəqələrində rusiyalıları velosipedlə keçirməyə icazə vermirdilər. Sonradan məlum olub ki, Finlandiya noyabrın 15-dən etibarən Rusiyadan velosipedlə girişi tamamilə qadağan edəcək.