Fransanın Cənubi Qafqaza soxulmaq üçün Ermənistanı seçməsi təsadüfi deyil. Regionda əsas strateji rəqibləri Türkiyə, Azərbaycan və Rusiyanın əhatəsində olan kiçik bir dövlətdə möhkəmlənmək planını həyata keçirmək istəyən Fransa, bununla Cənubi Qafqazda nəzarəti ələ almaq niyyətindədir. Elə buna görə də Makron hökuməti Ermənistanı silahlandırmaq və bölgədə hərbi balansı dəyişmək üçün fəaliyyətə başlayıb. Artıq Ermənistana silahlar daşınır və düşmən ölkənin silahlanması regionda sülhü təhdid altına alır.
Fransanın Ermənistana göndərdiyi silahlarla bağlı hərbi ekspert Səxavət Məmməd KONKRET.az-ın suallarını cavablandırarkən bildirib ki, Fransa silahları Ermənistanda effekt verməyəcək: “44 günlük müharibə zamanı Azərbaycan ordusu Ermənistanın hava hücumundan müdafiə sisteminin 70 % -ni sıradan çıxarıb.
Bundan əlavə, tank əleyhinə vasitələr və RLS-dər də dağıdılıb. Ermənistan isə itirilən silahların yerini doldurmaqla məşğuldur. Əvvəlcə Hindistana üz tutdular və oradan silah tədarük etdilər. Hindistandan alınan silahlar Ermənistan ordusunun istifadəsi üçün çox rahatdır. Çünki Hindistanın silah sənayesi Rusiya silah sənayesinin üzərində qurulub. Alınan silahlara da nəzər salanda məlum olur ki, Hindistan Rusiya silahlarının patentini alıb və təkmilləşdirməklə məşğul olublar. Bu baxımdan Ermənistanın bu addımını anlayışla qarşılamaq olar.
Fransa istehsalı olan silahlara gəldikdə, bu silahlar Rusiya istehsalı olan silahlardan fərqlidir. Silahlar alındıqdan sonra Ermənistan məcburdur ki, Fransadan təlimçilər dəvət etsin. Müqavilələır bağlandıqdan dərhal sonra Fransanın müdafiə nazirliyi bəyanat verdi ki, onlar Ermənistanda hərbi baza qurmaq niyyətindədirlər. Ermənistanın aldığı həmin silahlarla rəftar etmək üçün hərbçilərin xüsusi təlimlərə ehtiyacı var.
Bu baxımdan Fransanın əlinə silahları bəhanə edərək Ermənistanda hərbi bazalarını qurmaq üçün fürsət düşüb. Bir məsələni də qeyd edim ki, Ermənistanın Fransadan tədarük etdiyi silahlar o qədər də effektiv deyil. Onlar yaxın və orta mənzilli sayılırlar. Həmin raket kompleksləri uzaqmənzilli deyillər. Təxminən 5-6 km məsafədən havadakı maneləri zərərsizləşdirə bilirlər. “Bastinlar” zirehli texnikaları daha çox səhra şəraitində istifadə olunub, amma dağlıq regionlarda necə effekt verəcəyi sual yaradır”.
Fransanın Ermənistana göndərdiyi silahların analoqu Ukrayna müharibəsində də istifadə olunur. Ekspert hesab edir ki, həmin silahlar elə də effektiv deyil: “Fransa eyni silah-sursatı və eyni hərbi texnikanı Ukraynaya da göndərib. Amma Ukraynadan fərqli olaraq silahları Ermənistana pulla satıb. Ukrayna müharibəsində gördük ki, Fransa istehsalı olan silahların o qədər də uğurlu nəticələri barədə danışılmadı. Deməli, ruslarla müharibədə heç bir effekt verməyən Fransa silahları Ermənistanda da özünü doğrultmayacaq. Sadəcə indiki məqamda Ermənistanın hava məkanı tamamilə boşdur və onlar məcburdur ki, həmin boşluğu dodursun. Bunu da Rusiyadan almaq istəmirlər, çünki ruslarla münasibətləri kəskinləşib. Ermənistanın hazırkı durumuna nəzər yetirdikdə onların antidron sistemləri bir qədər təhlükəlidir. Yerdə qalan digər vasitələr Azərbaycan ordusunun arsenalında olanlardan geri qalır”.
Vəli Həsənov
KONKRET.az