Gədəbəy heyvan bazarı niyə bağlanıb və nə vaxt açılacaq? – RƏSMİ CAVABbackend

Gədəbəy heyvan bazarı niyə bağlanıb və nə vaxt açılacaq? - RƏSMİ CAVAB

Gədəbəy rayonunda fəaliyyət göstərən heyvan bazarının bağlanması ilə bağlı yayılan məlumatlar yerli sakinlər və fermerlər arasında suallar yaradıb. Bazarın hansı səbəbdən fəaliyyətini dayandırdığı və yenidən nə vaxt açılacağı ilə bağlı məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aydınlıq gətirib.

AQTA-dan KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunur.

Qurumun məlumatına görə, yenidənqurma işlərinin qiymətləndirilməsi məqsədilə yaradılan komissiya tərəfindən Gədəbəy rayonu ərazisində Bayraməliyev Rəhim Qəşəm oğluna məxsus heyvan bazarında qiymətləndirmə aparılıb.

Qiymətləndirmə zamanı bazarın yerləşmə mövqeyi ilə bağlı uyğunsuzluq aşkar edildiyindən yeni layihənin hazırlanması tövsiyə olunub.

AQTA qeyd edib ki, yeni layihə əsasında bazarın yenidən qurulması başa çatdıqdan sonra ərazidə təkrar qiymətləndirmə aparılacaq.

Qiymətləndirmənin nəticələrindən asılı olaraq bazarın fəaliyyətinin bərpası ilə bağlı müvafiq rəy veriləcək.

Qeyd edək ki, bundan əvvəl Binə, Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında heyvan bazarlarının fəaliyyəti bərpa olunub. Gədəbəy bazarının isə yenidən fəaliyyətə başlaması yenidənqurma işlərinin yekunlaşması və AQTA-nın təkrar qiymətləndirməsinin nəticəsindən asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*