Son günlər ölkəmizdə doğulanların sayında kəskin azalma var. Səbəbi isə müxtəlifdir.
Bəs doğum saylarının azalmasına səbəb nədir?
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə 95 min 875 körpə doğulub. Bu göstəricini 2024-cü ildə qeydə alınmış 102 min 310 doğumla müqayisə etsək, 6 mindən də çox fərqin olduğunu görərik. Nəticədə əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 10,0-dan 9,4-ə enib ki, bu da doğum tempində azalma meylinin davam etdiyini göstərir.
Eyni zamanda, ötən il ölkə əhalisinin ümumi sayı cəmi 0,4 faiz artıb. Demoqrafik artımın zəifləməsi həm təbii artımın azalması, həm də doğum göstəricilərindəki enişlə əlaqələndirilir. Mövcud dinamika əhalinin yaş strukturuna və uzunmüddətli sosial-iqtisadi proseslərə təsir edə biləcək amil kimi qiymətləndirilir.
Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov bildirib ki, bu çox ciddi məsələdir:
“Gənclər ailə məsələlərini tam dərk etmədən nikaha daxil olurlar. Eyni zamanda ailələrin bir bəzən iki övladla kifayətlənməsi və digər məsələ yeni tendensiya gənclərin artıq bir qismi ailə qurmaq istəmir. Rəqəmlər kifayət qədər ciddidir. Bu da gələcəkdə ailələrin tərkibinə, məktəbdə şagird sayına və digər nüasnlarda özünü göstərəcək. Xüsusilə bölgələrdə hər il məktəbə gələnlərin sayında ciddi azalma var”.
Deputat qeyd edib ki, yeni doğulan uşaqların sayının azalması Milli Məclisin müvafiq komitələrində müzakirə olunur.
