backend

"Gürcüstanda Rusiya-Ukrayna müharibəsinin ikinci cəbhəsini açmaq istəyirlər"

“Xarici agentlər haqqında qanunla bağlı Qərbin tənqidi “qlobal müharibə tərəfi”nin təsirinin nəticəsidir və bütün bunlar Gürcüstanda Rusiya-Ukrayna müharibəsinin ikinci cəbhəsinin açılmasına xidmət edir”.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan İctimai yayımının Birinci kanalına müsahibəsində bildirib.

“Gürcü Arzusu”nun mübahisəli təşəbbüsünün görünməmiş tənqidinin səbəbləri ilə bağlı sualı cavablandırarkən Kobaxidze deyib: “Qlobal müharibə partiyası adlandırdığımız həmin qüvvə yenidən işə başlayıb”.

Jurnalistin “Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts “qlobal müharibə partiyası”nın üzvləridir, yoxsa onun təsiri altındadırlar?” sualına baş nazirin cavabı belə olub: “Bir daha təkrar edirəm ki, qlobal müharibə partiyası bu siyasi məkanda siyasi isteblişmentə birbaşa təsir göstərir. Birbaşa orada hansısa göstərişlər verilir, yoxsa bu danışıqlar dolayı yolla həyata keçirilir, mən bu təfərrüatlara varmaq istəmirəm. Mənim bu məsələ ilə bağlı çoxlu məlumatım ola bilər, amma son nəticədə koordinasiya bir əldən təmin edilir”.

Bu kontekstdə Gürcüstanın baş naziri vurğulayıb ki, öz milli maraqlarını qorumaq üçün ABŞ və Avropa İttifaqı ölkələri deoliqarxizasiyanı həyata keçirməlidir.

Onun sözlərinə görə, Gürcüstanda ikinci cəbhənin açılması son iki il ərzində kölgə qüvvələrin “yeganə” marağı olub. Kobaxidze hesab edir ki, bu, “Rusiyanın mövqelərinə ciddi ziyan vura bilər”, lakin “ölkəmizi elə məhv edəcək” ki, bərpa “tamamilə qeyri-real ola bilər”.

Gürcüstanın baş naziri öz arqumentlərini gücləndirmək üçün NATO üzvü olan qonşu Türkiyəni nümunə gətirib. Kobaxidzenin sözlərinə görə, Türkiyə xarici agentlər haqqında “Gürcüstanda qəbul ediləndən daha sərt” qanun layihəsini nəzərdən keçirir. Amma NATO rəhbərliyindən Gürcüstan qanununa tənqidlər səsləndirilib, Türkiyə qanununa isə heç bir tənqidi münasibət bildirilməyib.

“Məntiqimiz sadədir: Türkiyəni ikinci cəbhə olaraq bu müharibəyə daxil etmək olmaz, amma Gürcüstanı daxil etmək olar”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalından sonra “Gürcü Arzusu” qlobal müharibə tərəfinin mövcudluğu ilə bağlı öz konspirasiya nəzəriyyəsini irəli sürüb. Kiyevə yetərincə dəstək verilmədiyinə, Rusiya Federasiyasına qarşı geniş sanksiyalar tətbiqdən imtina etdiyinə görə tənqidlərə cavab olaraq hakim partiya ikinci cəbhə açmaq planlarından və sairdən danışmağa başladı. Nəticədə “Gürcü arzusu” həm ölkə daxilində, həm də xaricdəki bütün rəqiblərini qlobal müharibə tərəfi kimi qələmə verməyə, “Xarici agentlər haqqında” qanuna etirazlar fonunda kölgə qüvvələrinin ölkənin daxili sabitliyini və suverenliyini pozmağa çalışdığını söyləməyə başladı.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*