“Hamı pul alır, mən isə fil qulağında yatmışam“ – Nadir Qafarzadəbackend

“Hamı pul alır, mən isə fil qulağında yatmışam“ - Nadir Qafarzadə

“Düşünürəm ki, müğənnilərə az da olsa qonorar verilsə, heç də pis olmaz. Xatirə İslamın fikirlərinə hörmətlə yanaşıram, onun üstünə bu qədər getmək lazım deyildi, bu, onun haqqı idi”.

Bu sözləri KONKRET.az-a müğənni Nadir Qafarzadə həmkarı Xatirə İslamın efirə çıxmaq üçün proqramlardan pul tələb etməsi barədə qərarını şərh edərkən deyib.

Sənətçi müəğənninin fikirlərinə dəstək olub. O qeyd edib ki, sənətçilərə oxuduğu mahnıya, çəkdiyi əziyyətə görə qonorar verilərsə yaxşı olar:

“Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir. Bircə Azərbaycanda bu qanun yoxdur. Məncə, hər bir insanın öz haqqını tələb etmək hüququ var. Xatirə İslam da öz haqqını tələb eləyir. Buna heç kim müdaxilə edə bilməz. Insan hər bir kəsin fikrinə hörmətlə yanaşmalıdır, hətta o fikir səhv olsa belə ona hörmətlə, mülayim yanaşmaq lazımdır. Qəlb qırmaq olmaz. Xatirə xanım illərdir səhnədə, sənətdədir. Yetəri qədər də tanınır və sevilir, bunu tələb etmək onun haqqıdır. O ki, qaldı başqa sənətçilərə, mən düşünürəm ki, qonorar sistemi bizdə də olsa yaxşı olar. Çünki bizlər mahnı yazdırırıq, aranjeman edirik, kliplər çəkdiririk və s. Efirə çıxmaq üçün müəyyən enerji sərf edirik, əvvəllər deyirdilər ki, kişilər üçün asandır, amma indi elə deyil. Şəxsən mən efirə çıxmaq üçün hər dəfə bir geyim geyinməliyəm, eyni geyim olanda tamaşaçının da gözü yorulur. Artıq tamaşaçını da sənət bir o qədər maraqlandırmır,  geyim, görünüş daha maraqlıdır. Çoxları sözümü qəribsəyəcək, amma bu gün mən haqlıyam, haqlı danışıram. Və bunu etmək üçün biz keyfiyyətli, bahalı geyimlər almalıyıq. Bahalı olmasa da mütləq sənətçi səliqəli geyimlər almalıdır və bu hər dəfə dəyişməli, yenilənməlidir. Xanım sənətçilərin makiyajı, saç düzümü, libasları var… Bunlar hamısı maddiyyat tələb edir və hər zaman cibimizdən edirik. Efirə gələndə də bunları etmək üçün xərc çəkirik. Ən azından bu xərclər ödənsə yaxşı olar”.

Nadir Qafarzadə bu günə kimi kifayət sayda dövlət tədbirlərində təmənnasız iştirak etdiyini və hər zaman dövlətin yanında olduğunu bildirib:

“Biz heç vaxt ağzımızı açıb nə isə istəməmişik, mən özüm 20 ildən çoxdur – 1998-ci ildən bəri peşəkar səhnədəyəm, indiyə qədər hansısa dövlət tədbirinə, xalq konsertlərinə qonorarla getməmişəm. Sən demə, hamı pul alırmış, mənsə yatmışam fil qulağında. Düşünmüşəm ki, belə də olmalıdır. Hətta Prezident seçkilərindən belə pul alırlarmış, çünki dövlət müəyyən vəsait ayırır. Mənim bundan xəbərim olmayıb. Fikirləşmişəm ki, Prezident seçkisinə, dövlət tədbirinə, cəbhə bölgəsinə vətəndaş olaraq getməliyəm, bu mənim borcumdur, heç vaxt pul ummamışam. Amma həmin qonorarı alanlar olub. Bundan sonra düşünürəm ki, müğənnilərə qonorar verilməsi pis fikir olmazdı. Mən bunu tələb etmirəm, telekanalları divara sıxmıram ki, mütləq  bizə pul verin. İstəsələr, verərlər. İstəməyəndən sonra biz onları məcbur edə bilmərik ki, alnımıza bu yazılıb, bu taleyi yaşayırıq. Kiminsə bizi xarici müğənnilərələ müqayisə etməsi də düzgün deyil. Biz kiçik bir ölkənin balaca sənətçiləriyik. Böyük ölkələrin ulduzları böyük pullar qazanırlar. Bizdə isə bu gün nə diskdən, nə mahnıdan pul qazanmaq olur, yalnız el məclislərindən gəlir əldə edirik. Açıq danışsaq, bütün sənətçilər, bir-ikisini çıxmaq şərtilə, hamısı el şənliklərindən qazanır. İstər muğam ifaçıları, istər pop, estrada müğənniləri, hamısı toydan qazanır. Bir il olacaq ki, nə toy, nə də konsertlər yoxdur. Gəlin, bunu nəzərə alaq, müğənnilər də nədənsə qazanmalıdır axı… Düşünürəm ki, müğənnilərə az da olsa qonorar verilsə, heç də pis olmaz. Xatirə İslamın fikirlərinə hörmətlə yanaşıram, onun üstünə bu qədər getmək lazım deyildi, bu, onun haqqı idi”.

Qeyd edək ki, bəzi televiziya aparıcıları müğənni Xatirə İslamın efirə çıxmaq üçün proqramlardan pul tələb etməsi barədə qərarına tənqidi reaksiya verərək, onu qınaq obyektinə çeviriblər. yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*