ABŞ Prezidenti Donald Trampın Çinə reallaşdırdığı rəsmi səfər çərçivəsində Hörmüz boğazının blokadadan çıxarılması istiqamətində hər hansı irəliləyiş əldə olunmayıb. “Bloomberg” agentliyi İran və Çin rəsmilərinə, eləcə də dəniz nəqliyyatını izləyən analitiklərə istinadən xəbər verir ki, rəsmi Tehran müharibə başa çatsa belə, strateji boğaz üzərindəki nəzarəti zəiflətməkdə maraqlı deyil. Belə ki, İran Prezidenti Məsud Pezeşkiyan ölkəsinin boğazda “effektiv və peşəkar nəzarət mexanizmləri” tətbiq edəcəyini bəyan edib.
KONKRET.az xəbər verir ki, Çinin xarici işlər naziri Van İ isə boğazın tez bir zamanda açılmalı olduğunu vurğulayıb. Layihə çərçivəsində Pekin və Vaşinqton arasında müəyyən ortaq məxrəclər tapılmağa çalışılsa da, tərəflər Yaxın Şərq münaqişəsində faktiki olaraq əks cəbhələrdə yer alırlar. Çin rəhbərliyi ABŞ və İsrailin onun müttəfiqi olan İrana qarşı hücumlarını mütəmadi olaraq kəskin tənqid edir.
Hazırda Hörmüz boğazı gəmilərə qəfil zərbə təhlükəsi səbəbindən tamamilə qapalı qalmaqda davam edir və dəniz ticarəti iflic vəziyyətinə düşüb. Analitik Bekka Vasser mövcud status-kvonun getdikcə daha təhlükəli hal aldığını və iqtisadi zərərin sürətlə artdığını bildirib. Eyni zamanda, “Marinetraffic” dəniz trafiki portalının məlumatına görə, son sutka ərzində Hörmüz boğazından cəmi beş gəmi keçə bilib ki, bu da regionda açıq hərbi münaqişə riskinin hələ də yüksək olduğunu göstərir.
Natiq Səlim,
KONKRET.az
