Hazırda həbsdə olan Ermənistanın tanınmış iş adamı və siyasətçisi Qagik Çarukyan xeyriyyəçiliklə bağlı yeni müraciət yayıb.
KONKRET.az xəbər verir ki, Çarukyan müraciətində son dövrlərdə xeyriyyəçiliyin fərqli şəkildə təqdim edilməsinə cəhd göstərildiyini bildirərək, bu məsələyə münasibətini açıqlayıb.
Onun sözlərinə görə, xeyriyyəçilik ölkənin inkişafının əsas mexanizmi ola bilməz.
“Xeyriyyəçiliklə ölkəni inkişaf etdirmək və ayaqda saxlamaq olmaz. Hər bir ölkə düzgün iqtisadi siyasət, yeni iş yerlərinin yaradılması, iqtisadi potensialın formalaşdırılması, sağlam iqtisadi mühit və səmərəli idarəetmə sistemi sayəsində inkişaf edir”, – Tsarukyan bildirib.
Bununla yanaşı, o qeyd edib ki, xeyriyyəçilik minlərlə insana yardım göstərməyə, mədəniyyət, elm, təhsil və idmanın inkişafına dəstək verməyə, insanların həyatını xilas etməyə və digər sosial layihələri həyata keçirməyə imkan verir.
Çarukyan erməni xeyriyyəçiləri sırasında Aleksandr Mantaşov, Kirk Kerkoryan və Samvel Karapetyanın adlarını çəkib. O, bu şəxslərin Ermənistana və erməni icmalarına göstərdikləri dəstəyi yüksək qiymətləndirib.
Çarukyan özünün Ermənistana gördüyü işləri sadalamaq istəmədiyini bildirərək, bunu tarixin qiymətləndirəcəyini deyib.
O, müraciətində diaspora ilə Ermənistan arasındakı münasibətlərə də toxunub. Çarukyan bildirib ki, uzun illər onu bir sual düşündürüb: niyə Ermənistan həmişə yalnız diasporun yardımına ehtiyac duymalıdır?
Onun sözlərinə görə, müstəqilliyin ilk illərində bu yanaşmanın müəyyən izahı ola bilərdi, lakin sonradan bu, “inersial səhvə” çevrilib.
Çarukyan özünün bu ənənəni dəyişməyə çalışdığını deyib.
Çarukyan özünün uşaqlıq illərini də xatırladıb və ailəsinin maddi baxımdan çətin yaşadığını, anasının isə daha ağır vəziyyətdə olan insanlar üçün həmişə yemək ayırdığını bildirib.
“Ölkəm üçün etdiklərimi az hesab edirəm. Allah qoysa, daha çox edəcəyəm. Əminəm ki, oğullarım da eyni şeyi edəcəklər”, – Çarukyan müraciətində qeyd edib.
O, müraciətinin sonunda xeyriyyəçiliyin mahiyyətinin yaxşı niyyət və ölkənin gələcəyi naminə görülən xeyirxah işlərdən başladığını vurğulayıb və Ermənistan cəmiyyətində parçalanma və düşmənçiliyin qarşısının alınmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, müraciət Qagik Tsarukyanın saxlanıldığı “Yerevan-Kentron” penitensiar müəssisəsindən yayımlanıb.
Natiq Səlim,
KONKRET.az
