Müasir dövrdə xüsusilə gənclər və yeniyetmələr arasında geniş yayılmış şirinləşdirilən qazlı içkilər gündəlik qidalanmanın adi hissəsinə çevrilib. Lakin bu içkilərin tərkibindəki yüksək şəkər və kimyəvi əlavələrin sağlamlığa təsiri ilə bağlı narahatlıqlar getdikcə artır, mütəxəssislər isə xəbərdarlıq edir.
Bəs şirinləşdirilmiş qazlı içkilərin müntəzəm qəbulu orqanizmdə hansı ciddi fəsadlara yol açır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, şirinləşdirilmiş qazlı içkilərin əsas təhlükəsi onların tərkibindəki yüksək şəkər, fosfor turşusu, süni dadlandırıcılar və müxtəlif əlavələrlə bağlıdır.

“Maye formada qəbul edilən şəkər orqanizm tərəfindən çox sürətlə sorulur və bu da qanda şəkərin ani yüksəlməsinə səbəb olur. Nəticədə bədən kəskin insulin reaksiyası verir. Bu da zamanla insulin müqavimətinin yaranmasına gətirib çıxarır. Prosesin davamlı olması piylənmə və metabolik sindrom riskini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, ürək-damar xəstəlikləri, qaraciyərin yağlanması, böyrək funksiyalarının pozulması kimi ciddi fəsadlar da yarana bilər. Bu içkilər sümük toxumasına və dişlərə də mənfi təsir göstərir, həmçinin orqanizmdə xroniki iltihabi prosesləri gücləndirir”.
Günay Lətifova əlavə edib ki, xüsusilə enerji içkiləri daha təhlükəlidir.
“Çünki onların tərkibində şəkərlə yanaşı yüksək miqdarda kofein və digər stimullaşdırıcı maddələr də mövcuddur. Bu isə ürək ritminin pozulması, arterial təzyiqin yüksəlməsi və sinir sisteminin gərginləşməsi kimi problemlərə səbəb olur.
Beynəlxalq sağlamlıq qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı gündəlik şəkər qəbulunun minimum səviyyədə saxlanılmasını tövsiyə edir. Bu baxımdan, şirinləşdirilmiş qazlı içkilərin müntəzəm istifadəsindən çəkinmək və daha sağlam alternativlərə üstünlük vermək vacib hesab olunur”.
Aynurə İsmayıl
KONKRET.az
