Medvedevin NATO ilə müharibə açıqlaması: Politoloqdan TƏHLİLbackend

Medvedevin NATO ilə müharibə açıqlaması: Politoloqdan TƏHLİL

Rusiya ilə NATO arasında birbaşa müharibə ehtimalı yenidən gündəmə gəlib. Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bu istiqamətdə səsləndirdiyi fikirlər beynəlxalq təhlükəsizlik baxımından narahatlıq doğurur.

Bəs bu açıqlamalar real hərbi qarşıdurma təhlükəsindən xəbər verir, yoxsa Moskvanın Qərbə ünvanladığı siyasi mesajdır?

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında bildirib ki, Medvedevin Rusiya ilə NATO arasında birbaşa müharibə ehtimalını gündəmə gətirməsi təhlükəsizlik baxımından diqqətlə izlənilməli olan siyasi siqnaldır. Lakin bu bəyanatı Rusiyanın NATO ilə müharibəyə başlamaq barədə konkret qərarının göstəricisi kimi qiymətləndirmək düzgün olmazdı.

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

Onun sözlərinə görə, Moskvanın bu cür bəyanatları Qərbin Ukraynaya hərbi dəstəyini məhdudlaşdırmaq, NATO daxilində fikir ayrılıqlarını dərinləşdirmək və Avropa ölkələrində təhlükəsizlik narahatlığını artırmaq məqsədi daşıyan strateji çəkindirmə ritorikası kimi də dəyərləndirilə bilər.

Politoloq qeyd edib ki, əsas təhlükə Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın tərəflərin əvvəlcədən planlaşdırmadığı hərbi insident nəticəsində də baş verə bilməsidir:

“Xüsusilə Baltik və Qara dəniz regionlarında hərbi fəallığın artması, Ukraynaya uzaqmənzilli silahların verilməsi və qarşılıqlı təhdidlərin intensivləşməsi yanlış hesablamalar riskini yüksəldir. Medvedevin nüvə silahından istifadə ehtimalını da gündəmə gətirməsi qarşıdurmaya əlavə təhlükəli ölçü qazandırır”.

Züriyyə Qarayeva hesab edir ki, hazırkı mərhələdə tərəflərin birbaşa müharibəyə başlamaqdan daha çox, qarşılıqlı təzyiq vasitəsilə gələcək danışıqlarda öz mövqelərini gücləndirməyə çalışdıqlarını söyləmək mümkündür.

O, vurğulayıb ki, hərbi-siyasi ritorikanın bu qədər sərtləşməsi diplomatik manevr imkanlarını daraldır və Avropanın təhlükəsizlik arxitekturasını daha kövrək vəziyyətə gətirir.

Beləliklə, Medvedevin açıqlamaları müharibənin qaçılmaz olduğu anlamına gəlməsə də, Rusiya-Qərb münasibətlərində gərginliyin təhlükəli həddə çatdığını göstərən ciddi siyasi mesaj kimi diqqətdə saxlanılmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*