“Hətta “Bəxt üzüyü” filmindəki mahnının da sözlərini mən yazmışam, amma adımı çəkmirlər”backend

"Hətta “Bəxt üzüyü” filmindəki mahnının da sözlərini mən yazmışam, amma adımı çəkmirlər"

“Arif Quliyevə Allah şəfa versin, tezliklə ayağa qalxsın. Onun haqda film çəkmək istəyirəm. Bədii-publisistik film olacaq, inşallah. Hər dəfə məni ziyarətə gələndə deyirdim ki, Arif, sənin haqda ssenari yazıram. Bu istəyimdən onun da xəbəri var idi və həmişə mənə deyirdi ki, təki sən sağal, ayağa qalx, sonra nə istəsən çəkərsən. İndi mən deyirəm ki, Arif sən sağal, ayağa qalx. Mən onunla çox yaxın dostam, xəstəxanaya yerləşdirilən günündən ailəsindən xəbər alıram. Bu hal məni çox üzür, biz onu belə görməyə alışmamışıq, hər zaman bizə gülüş bəxş edib”

KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəyli deyib.

Sənətkar daha sonra əlavə edib:

“Mövzularım həddindən artıq çoxdur. Mən kinorejissor kimi cəmi 4 film çəkmişəm, 45-ə yaxın filmdə də müxtəlif epizodlara çəkilmişəm. Əslində qoymayıblar, mənə icazə verməyiblər film çəkməyə. Kimlər icazə verməyibsə adlarını çəkmək istəmirəm. Ümumiyyətlə sənətkara hər zaman diqqət olmalıdır, biz belə görmüşük, o vaxt bizə də belə münasibət göstəriblər. Dövlət tərəfindən diqqət kifayət qədərdir, bir də var ki, sənətçilərin, həmkarların diqqəti. Məsələn, mən bir çox filmlərə, həmçinin də sənətçilərə musiqi bəstələmişəm, yazmışam. Hətta “Bəxt üzüyü” filmindəki mahnının da sözlərini mən yazmışam, amma adımı çəkməyi unudurlar. Məndən olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Çünki çox təvazökar insanam. Hətta yazdığım şeirləri təvazökarlıq edib “Cızmaqara” adı altında çap etdirmişəm. Kim öz ayranına turş deyər? Amma mən deyirəm (gülür). Bu günlərdə bir kitabım da Kərkükdə çap olunub. Bu məni yaşadır və həyata bağlayır”.

“Mərhum sənətkar Nuriyyə Əhmədova müsahibələrinin birində bildirmişdi ki, “Bəxt üzüyü” filmində bir çox səhnələrim montaj olunaraq çıxarılıb. Bu həqiqətən belə olub?”- sualına isə Ramiz Əzizbəyli bu cür cavab verib.

“Bəxt üzüyü” filminin senarisini Vaqif Səmədoğlu yazsa da daha sonra ssenari üzərində icazə alaraq mən düzəliş etmişəm. Filmdə çəkilən sənətçilərin də bir çoxu bölgə teatrlarında çalışırdı. Hamısını mən seçmişdim, icazəm olmadan heç bir aktyor, aktrisa filmə təsdiq oluna bilməzdi. Hamısından razı qaldım, gözəl də oynadılar. Nuriyyə xanım mənim əziz bacım idi. Allah ona rəhmət etsin. Ola bilər ki, belə bir hal baş verib, amma həqiqətən də mənim yadımda deyil. Amma Nuriyyə xanımın bir epizodda oynadığı obrazı da yaddaqalan səhnələrdəndir” deyə Ramiz Əzizbəyli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*