”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASIbackend

”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI

Ermənistanın Azərbaycana ərazi iddialarına başlamasından 36 il keçir. 1988-ci ilin fevralında təməli qoyulan münaqişə hələ də davam edir. Düzdür, Qarabağ məsələsi həll olunub, amma iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

KONKRET.az xəbər verir ki, 1998-ci ildən1999-cu ilə qədər Ermənistanın baş naziri olmuş Armen Darbinyan son müsahibəsində o dövrdə onlara edilən təkliflərdən boyun qaçırmalarını yanlış addım adlandırıb. Keçmiş baş nazir bildirib ki, Ermənistanın təkliflərdən boyun qaçırmasında respublikanın o vaxtkı hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır:

“Mən Heydər Əliyevlə beynəlxalq konfransların birində görüşdüm. Azərbaycan Prezidenti bildirdi ki, hər iki tərəfə sülh lazımdır. Mənə elə gəlirdi ki, ilk addımı Ermənistan hakimiyyəti atmalıdır. Biz bütün imkanlardan istifadə edib münaqişəni o vaxt həll etməliydik. Biz isə gələcəkdə daha çox şeyə nail olacağımıza inanırdıq. Amma tarix göstərdi ki, hadisələri düzgün qiymətləndirə bilmədik. Biz məsələni dərhal həll etməliydik. Bir dəfə mən Rusiyanın baş naziri Sergey Primakovla görüşəndə o mənə dedi ki, münaqişənin həllini uzatmayın və gələcək sizin üçün yaxşı heç nə vəd etmir. O haqlı imiş.

1997-ci ildə Levon-Ter Petrosyan deyəndə ki Ermənistan indi ona təklif olunanları qəbul etməsə, gələcəkdə çox şey itirəcək, ona inanan olmadı. Əslində, onun dediklərində həqiqət var idi. Təəssüf edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və xalq Levon-Ter Petrosyanın təkliflərini qəbul etmədi və o, istefa vermək məcburiyyətində qaldı”.

Daha sonra Ermənistan- Rusiya münasibətlərinə toxunan Darbinyan bildirib ki, iki ölkə arasında bir qədər xoşagəlməz vəziyyət yaranıb:

“Ermənistan-Rusiya münasibətlərinin bu həddə çatmasında hər iki tərəfin günahı var. Güman edirəm ki, artıq dayanmağın və oturub müzakirə etməyin vaxtıdır. Mən Qərbin diqtəsiylə Ermənistanın Rusiyanı regiondan çıxaracağına inanmıram.

Yadınızdan çıxartmayın ki, Rusiya öz xoşuna heç hara gedən deyil. Rusiya ilə danışıq aparmağı bacarmaq lazımdır. Bizdə Rusiya ilə danışmağı bacaran siyasətçi yoxdur. Mənə elə gəlir ki, Rusiya öz xarici siyasətində Ermənistana qarşı ciddi səhvlərə yol verir. Ən böyük səhv isə Ermənistana öz ərazisi kimi baxmasıdır. Mən buna təəssüf edirəm.

Bilirsiniz, bu gün bizim Rusiya ilə ciddi problemlərimiz mövcuddur. Biz hələ də Moskvaya sübut edə bilməmişik ki, suveren Ermənistanın varlığı onlar üçün necə əhəmiyyətlidir. Onilliklər ərzində biz buna nail ola bilmədik. Yalnız Yeltsinlə Petrosyanın dövründə qarşılıqlı anlaşma erməni xalqını qane edirdi”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*