Sentyabrda Hindistana Rusiya kömürünün idxalı 30 faiz azalaraq 1,4 milyon ton təşkil edib. Bu azalma hələ davam edəcək.
KONKRET.az xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonrakı aylarda Moskva Asiya bazarına, xüsusən də Çin və Hindistana satışını artırmaqla Avropaya kömür ixracatındakı itkisini uğurla kompensasiya edəcəyini düşünürdü. Lakin gözləntilər özünü doğrultmadı. Doğrudur, Yeni Dehli Rusiyanın verdiyi endirimlərdən yaxşı pul qazana bildi. Məsələn neftin barreli üçün 16 dollar ödəniş edirdi, bir ton kömür üçün isə qlobal qiymətlərə nisbətdə 70 faizlik endirimdən yararlanırdı. Lakin bundan sonra Hindistanın baş naziri Narendra Modi Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindəki çıxışında Vladimir Putinə sərt şəkildə fikir bildirdi. O, “İndiki dövr müharibələr dövrü deyil” fikirləri ilə Putinə etiraz etdi. Beləliklə, indiki Hindistan elitasının yaşlı nəslinin rusiyayönlü fikirləri bölüşmədiyi aydın olur. Ona görə də, Rusiyanı strateji tərəfdaş hesab etmir.

Moskva isə bunu qəbul etmək istəmir. Üstəlik, həm Rusiyada, həm də Qərbdə düşünürlər ki, Hindistanın kifayət qədər öz qayğıları var və ona görə də Moskva ilə Vaşinqton arasında balans yaratmağa çalışır. Amma bu tarazlıq açıq-aşkar birtərəfli görünür. Yəni Hindistan sanki ABŞ-a doğru yön alır. Hindistanın köhnə strateji elitası tərəfindən güclü şəkildə təbliğ edilən və cəmiyyətdə kök salan antiamerikanizm ideologiyası sürətlə yumşalır. İndi Hindistan siyasətçiləri müasir dünyaya yeni baxışla göz gəzdirməyə çalışırlar.
Qeyd edək ki, 2021-ci ildə Hindistan və Rusiya arasında ticarət dövriyyəsi təxminən 13 milyard dollar təşkil edib, Rusiyanın özündə isə 30 mindən az hindli yaşayır. Eyni zamanda, Hindistan və ABŞ arasında ticarət dövriyəsi 2021-ci ildə 157 milyard dollar təşkil edib və ABŞ-da 4,2 milyon hind əsilli insan var. Bu iki mühüm göstərici bir-birindən kəskin fərqlənir. Başqa sözlə, Hindistan və ABŞ indi əvvəlkindən daha yaxındır.
Üstəlik, 2012-ci ildən 2021-ci ilə qədər Hindistanın arsenalında Rusiya silahlarının payı demək olar ki, iki dəfə azalıb. Rusiyanın Ukraynanı işğalından sonra Yeni Dehli Moskvadan 21 ədəd “MiQ-29” qırıcısı almaqdan imtina etdi. Həmçinin, 2022-2023-cü illərdə başa çatan bir sıra hərbi müqavilələr yenilənməyəcək.

Hindistan Rusiya qırıcılarını almaqdan imtina edir
Rus atalar sözündə deyildiyi kimi, “müqəddəs yer heç vaxt boş qalmaz”. Beləliklə Fransa, İsrail və ABŞ dərhal Hindistanın silah bazarında Moskvanın yeri uğrunda rəqabətə girərək Yeni Dehliyə çox əlverişli şərtlər təklif etməyə başladılar.
Hindistan siyasətçilərinin ritorikası da dəyişib. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra o vaxtkı milli təhlükəsizlik müşaviri Şivşankar Menon “burada Rusiyanın qanuni maraqları var” ifadəsini işlətsə də, indi bu cür fikirlər səsləndirilmir. Üstəlik həm işğalın özü, həm də rus qoşunlarının mülki əhalinin həlak olması ilə nəticələnən əməliyyatları pislənir. Narendra Modinin Səmərqənddə Rusiya prezidentinə söylədiyi fikirlər bunu sübuta yetirir və Hindistanın kimin tərəfində olduğuna dair heç bir şübhə yeri qoymur.
İkitərəfli münasibətlərdə buz dövrü heç vaxt birdən-birə yaranmır. Ona görə də Rusiya-Hindistan əlaqələri bir anda pozulmayacaq. Lakin Hindistanın indiki siyasi elitası qarşıdakı onilliklər üçün strateji tərəfdaşlığın konturlarını qurmağı düşünəndə Moskvanı keçmiş zamanda xatırlayacaq. Çünki Hindistan üçün ABŞ gələcəkdədir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
