Son illər müxtəlif ölkələrin vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı artdıqca, onların hüquq və vəzifələri ilə bağlı suallar da gündəmə gəlir. Xüsusilə, ikili vətəndaşlığı olan çağırış yaşlı şəxslərin Azərbaycanda hərbi xidmət keçib-keçməməsi cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir.
Bəs xarici dövlətin vətəndaşlığını daşıyan, lakin Azərbaycan vətəndaşlığına xitam verilməmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən belə şəxslər ümumi qaydada hərbi xidmətə çağırılır.

Onun sözlərinə görə, xarici dövlətin vətəndaşlığını qəbul etməsinə baxmayaraq, Azərbaycan vətəndaşlığına xitam verilməmiş şəxslər hüquqi baxımdan Azərbaycan vətəndaşı hesab olunur və bu səbəbdən də onlar üçün hərbi xidmət öhdəliyi qüvvədə qalır.
“Qanunvericiliyin tələblərinə əsasən, xarici dövlət vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş, başqa sözlə, ikili vətəndaşlığı olan çağırışçılar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar”, – deyə ekspert vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
