Müasir informasiya texnologiyalarının ən səmərəli vasitələrindən biri informasiya sisteminin qurulmasıdır. Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır.
Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İndi cəmiyyətimizi informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb.
2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir.
Dünyanın inkişaf etmiş bütün ölkələrində yeni texnologiyaların tətbiqi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə çağdaş dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir.
İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı müasir dövrdə dövlətlərin iqtisadi gücünün, rəqabət qabiliyyətinin və sosial rifahının əsas göstəricilərindən biri kimi çıxış edir. Rəqəmsallaşmanın sürətləndiyi, innovasiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir şəraitdə İKT sahəsinə yatırımların artırılması, infrastrukturun yenilənməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan da son illər bu istiqamətdə mühüm addımlar atsa da, qlobal rəqabət mühitində mövqelərin daha da möhkəmləndirilməsi üçün yeni yanaşmalar və davamlı strategiyalar tələb olunur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı yalnız texniki sahə deyil, eyni zamanda iqtisadi və sosial transformasiyanın əsas hərəkətverici qüvvəsidir.

“Rəqəmsal həllərin geniş tətbiqi dövlət idarəçiliyində şəffaflığı artırır, biznes mühitini daha əlverişli edir və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldir. Azərbaycanda son illər elektron xidmətlərin genişlənməsi, internet infrastrukturunun inkişafı və startap ekosisteminin formalaşması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Regionlar üzrə rəqəmsal bərabərsizliyin aradan qaldırılması, yüksək sürətli internetə çıxış imkanlarının genişləndirilməsi və yerli IT mütəxəssislərinin hazırlanması prioritet olaraq qalır.
Elə sahələr var ki, orada hələ də rəqəmsallaşma aşağı səviyyədədir. Bu isə həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur. Dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, innovativ layihələrin dəstəklənməsi və texnologiya sahəsinə investisiyaların artırılması bu boşluqları aradan qaldıra bilər”, – deyə Elvin Abbasov əlavə edib.
Ekspertin fikrincə, süni intellekt, “böyük verilənlər” (big data), bulud texnologiyaları və kibertəhlükəsizlik kimi sahələr yaxın illərdə daha da aktuallaşacaq və bu istiqamətlərdə kadr potensialının gücləndirilməsi vacibdir. O, hesab edir ki, təhsil sistemində İKT yönümlü ixtisasların inkişafı və gənclərin bu sahəyə marağının artırılması ölkənin rəqəmsal gələcəyini müəyyən edən əsas amillərdəndir.
Sonda ekspert vurğulayıb ki, qlobal texnoloji trendlərə uyğunlaşmaq üçün çevik siyasət, innovativ yanaşma və davamlı inkişaf strategiyası əsas şərtlərdən biridir.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

