Donuzlardan insanlara müxtəlif orqan və toxumaların köçürülməsi (ksenotransplantasiya) üzərində geniş araşdırmalar aparılır və bu texnologiyanın yaxın gələcəkdə tibbdə tətbiq ediləcəyi gözlənilir. Bu isə həm tibbi, həm də dini baxımdan müxtəlif müzakirələrə səbəb olur. Belə ki, donuz mənşəli orqanlarının istifadəsinin dini cəhətdən necə dəyərləndirilməsi maraq doğuran məsələlərdən biridir.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, heyvanlardan insana orqan köçürülməsi İslam dinində caiz sayılır, amma bir şərtlə ki, xəstənin həyatını xilas etmək üçün başqa alternativlər olmasın.
O bildirib ki, bu, insan orqanı ilə mümkündürsə, heyvandan istifadə etmək olmaz: “Lakin mümkün deyilsə, istənilən heyvandan orqan köçürmək olar. Çünki dində insan həyatını xilas etmək önəmlidir. Orqan köçürülməsi insanın həyatını və ya əsas funksiyalarını bərpa etmək məqsədi daşımalıdır. Onun xarakterini, əqli funksiyasının istiqamətlərini dəyişməməlidir. Yəni, insana məxsus xüsusiyətlər qalmalıdır. Donuz əti İslam dinində yeyilməsi haram hesab olunur. Orqanlarının quruluşu insan anatomiyasına yaxın olduğu üçün orqanköçürmə əməliyyatlarında əsasən donuzdan geniş istifadə olunur. Yəni, donuzun sadəcə ətinin yeyilməməsi əmri o demək deyil ki, o lənətlənmiş heyvandır, heç bir başqa ehtiyaclarda istifadə oluna bilməz. Onu da Allah yaradıb, o da həyat üçün vacib funksiya həyata keçirir”.
İlahiyyatçı deyib ki, dinin hökmlərində donuz və digər əti haram olan heyvanların orqanlarından insan həyatı üçün istifadəyə qadağa yoxdur:
“Müsəlmanların bəziləri, ola bilsin ki, bunu donuz ətinin haram olması ilə müqayisə edib yanlış nəticə çıxasınlar, ancaq bu, belə deyil. İslam hüququnda mümkün vasitələr tükəndikdə, halal və icazəli yollarla insan həyatını xilas etmək mümkünsüz olduqda bu kimi alternativ vasitələrə icazə verilir. Buna İslam hüququnda “Rüxsət” prinsipi, yaxud üsuli-fiqhdə, yəni hüquq metodologiyasında “Ünvani sanəvi” deyilir. İkinci dərəcəli hökmlər odur ki, zaman, zəmin, tələb, şərait və zərurət anında, normal vasitələr əlçatan olmadıqda, məhdud olduqda alternativindən istifadə etmək olar. Lap normal halda haram sayılan vasitələrdən də bu kimi zəruri ehtiyac yarandıqda istifadə etmək icazəlidir. Odur ki, insan həyatını xilas etmək üçün varisinin izni ilə ölmüş adamın, eyni zamanda əti halal, yaxud haram olan heyvanların da orqanlarından istifadə etmək olar”.
