“İndi o binanın tavanında ruhlar hıçqırıb ağlayır” – Ədəbiyyatın pafoslu sonubackend

"İndi o binanın tavanında ruhlar hıçqırıb ağlayır" - Ədəbiyyatın pafoslu sonu

Vəli Həsənov

Azərbaycanda az adam tapılar ki, ömründə bir dəfə də olsun şeir yazmağa cəhd eləməsin. Bəzilərində alınıb, bəziləri isə bunun sadəcə ötəri hiss olduğunu anlayıb fikirindən vaz keçib. Bəziləri zümzümə edib, bəziləri isə sadəcə susub. Susub ki, taleyin sonrakı mərhələlərində onları gözləyən sürprizlərlə zəngin həyatdan zövq alsınlar. Musiqiyə qulaq asıb, poeziyadan zövq ala-ala həyatlarını davam etdirsinlər.

Şairlik keyfiyyətləri bir ilə, beş ilə formalaşan duyğu filan deyil. O, insanın ruhunda, qanında olmalıdır. Mənəvi dünyamızın əsas elementləri sırasında dayanan musiqi və poeziya ruha yaxın olanda isə sənət yaranır. Amma bu sənət bəzən elə hala salınır ki, şeirə də, sənətə də acığın tutur. Bir anlıq ondan küsməyin gəlir. “Burnum axır, fürsət baxır, köhnə çaxır…” qafiyəsi ilə başlayan şeir müəllifi isə hər gün efirlərdə öz “yaradıcılığını” ürəyimizə xəncər kimi sancır.

Bu Elza Seyidcahan yaradıcılığından bir parçadır.

Elza Seyidcahanın AYB-yə üzv olmasını eşidərkən keçirdiyim hislər…

Elza xanımın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsini eşidib doğrusu “sevindim”. Bu “böyüklükdə şairin” neçə illərdir yazıçılar ailəsindən ayrı qalması açığı ona qarşı sayğısızlıq idi. Onun “sənət əsərləri”ni oxuduqca Elza xanımın “ilham pərisi”nə istər-istəməz pərəstiş edirdim. Bulaqlardan süzülüb gələn dumduru su tək ürəyə sərinlik gətirən şeirlərin təsiri altından çıxmaq isə elə də asan deyil.

Qazanım daşdı
kəfini yedim.
Qapağın açdım
üzünü yedim.
Yedim, yedim
dibini yedim

– deyir

Daha bundan sonra nə deməlidir. Bəlkə indiyə kimi Azərbaycan ədəbiyyatına “qazanın dibini yemək” misrasını hansısa şair gətirib. Şəxsən mən xatırlamıram.

Onun yaradıcılığını vərəqlədikcə Yazıçılar Birliyində Elza xanımın şərəfinə deyilən “bahalı” sözləri eşitmək eşqinə düşsəm də, təəssüf ki, bundan məhrum idim. Görəsən, Anar müəllim Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin izi qalan Yazıçılar Birliyindəki tədbirdə Elza Seyidcahan yaradıcılığını hansı tərzdə tərifləyib. Bəlkə, şairin

Tüpürüm-tüpürüm,
Udum-udum,
Qurtum-qurtum,
İçim-içim,
Didim-didim,
Sicim-sicim
Kilim-kilim,
Dilim-Dilim,
Bilim-bilim,
Yıyım-yıyım
Tüpürüm sizə,
Hündür ağac başından?
Tüpürdünüz mənə
Alçaq ağac başından
Öskürə-öskürə,
Pis-pis gülmə,
Kifayətdir mənə demə!

– şeirini pafosla oxuyandan sonra “Əsil ədəbiyyat budur deyib”.

Açığı bilmirəm, Elza Seyidcahanın birliyə üzv qəbul ediləndə kimlər iştirak edib, nələr deyilib.

Amma onu bilirəm ki,

Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Dartım, sıxım sapınızı
Barama kimi.
Geyim, cırım corabımı
Çatana kimi.
CIRIN-CIRIN
Siz də geyin, cırın, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı
Boğana kimi,yatana kimi.

Bu misraları eşidəndə hər kəs kövrəlib, “Nəhayət ki, Azərbaycan ədəbiyyatına yeni nəfəs gəldi” sözlərindən bəzilərinin gözü dolub. Hər kəs xoşbəxt görünüb.

Narahat qalan isə Yazıçılar Biriliyinin tavanında hıçqırıb ağlayan ruhlar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*