“İndi şərəflə normal yaşamaq qeyri-mümkün olub” – İNTİHARLARIN ŞƏRHİbackend

"İndi şərəflə normal yaşamaq qeyri-mümkün olub" - İNTİHARLARIN ŞƏRHİ

Surxay Atakişiyev

Bu gün daha bir intihar xəbəri yayıldı: “Ucar rayon sakini 1984-cü il təvəllüdlü Əfəndiyev Natiq Yaqub oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə yerləşdirilib”.

Vəssalam…36 il ömür sürmüş (“Yaşamış” yazmıram. Çünki Natiq yaşasaydı və yaxud yaşamağı bacarsaydı, özünə qəsd etməzdi), kiminsə sevgisini qazanmış, kimləri isə sevmiş gənc soydaşımız həyatının ən məsul dövründə bu dünyaya “Əlivida” dedi. Və Azərbaycan ictimai fikri Natiqin səssiz üsyanını 2 cümlə ilə xatırlayıb gündəlik həyatlarına, alış-verişlərinə döndülər. Çünki alver olmasa, biz  yaşaya bilmirik. Nəyisə almağa pulumuz olmayanda, nəyisə satmağı düşünürük. Kimi malını satır, kimi sözünü, kimi bədənini, kimi vicdanını, kimisə də Vətənini. Və nə yazıq ki,bəzilərimizin satmağa nə malı olur,nə mülkü, Vicdanımızı (əslində Allahını) satmağa isə cürətimiz çatmır.

Onda son ümid kimi 5 metrlik kəndirə baxırıq. Çünki sosial-iqtisadi problemlər səbəbi ilə çox vaxt ailəmizin, uşaqlarımızın üzünə baxa bilmirik. Statusumuzu qoruya, sosial öhdəliyimizi yerinə yetirə bilmirik. Ona görə yox ki, fərasətsizik. Ona görə ki, şərəfinlə yaşamaq çox çətinləşib. İndi “düz adamın düzdə qaldığı” vədədir. Düzdə qalan adamınsa Vicdanından (Allahından) başqa heç nəyi olmur. Çox təəssüf ki, vicdanla qarın da doymur. Bu gün şərəf və ləyaqətlə 5 villaya, 3 obyektə, 4 lüks avtomobilə sahib olmaq qeyri-mümkündür.

Bunun üçün ən azı heysiyyatını ayaqlar altına atmalısan. Kiminsə qarşısında yalan danışmalısan, kimlərinsə haqqın yeməlisən. Kimlərəsə kələk gəlməlisən.

Bu, əslində günümüzün sosial sifarişidir. Nəyin bahasına olursa-olsun bacardıqca çoxlu pul qazanmalısan. Çünki çoxlu pulun, lüks avtomobilin, ən azından bir neçə obyektin olmasa səni arzuladığın sferaya buraxmırlar. Arzuladığın o sferada isə hər şey var, bircə Vicdan (Allah) yoxdur.

İNTİHAR – dinc üsyanın ən dramatik və faciəli növüdür. İnsan yalnız son anda, yəni ümidləri də öldükdən sonra intihara əl atır. İntihar edən insan təkcə cəmiyyətə yox, həm də Əlahəzrət Yaradana üsyan edir. Bəlkə də ona görə İslamda intihar günah əməl sayılır.

  • Yaşamaq, sevmək, sevilmək gözəldir. Və bu gözəllikləri yaşamamaq və yaxud yaşamaq imkanı olmaması isə faciədir. Yəni intihardır. Hər bir fərdin normal yaşaması üçünsə normal cəmiyyət olmalıdır. Normal cəmiyyəti isə fərdlər yaradır. Və nə yazıq ki, fərd olaraq çoxlarımız insani keyfiyyətlərimizi – Vicdanımızı, Ədaləti və Allahımızı  çoxdan itirmişik. Allahsız cəmiyyətdə isə vicdanlılar hər zaman ac qalır. Böyük imkanlara sahib olanlarsa kasıb təbəqəyə ikrahla, nifrətlə baxır. Ona görə yox ki, kasıbları özünə yaraşdırmır. Əksinə, varlı nifrət dolu səssiz baxışları ilə o kasıblara deyir ki, “Bu mənsəbə çatmağım üçün nələrdən keçdiyimi bir bilsəniz?”…

İntihar edənlər vicdanlı adamlardır. Onlar intiharları ilə təkcə cəmiyyətə və Allaha üsyan etmirlər, vicdanlı olduqları üçün cəmiyyətə əlavə yük olmaqdan çəkinirlər. Ona görə də bir qədər təəssüf, bir qədər də yanğı ilə deyirəm ki, İNTİHAR edənlər genefondumuzun şah damarlarıdır. Onların gedişi cəmiyyətimizi daha da misgin duruma sürükləyir. Çox təəssüf ki, hazırda baş verən intiharlar öyrənilmir. Baxmayaq ki, bilavasitə bu problemi öyrənməyi özünün əsas qayəsi elan edən QHT-lər var. Lakin o QHT-lər qayələrindən başqa hər işlə məşğul olurlar. Hələ o boyda AMEA-nı demirəm. Qos-qoca Akademiyamızda bu problemi öyrənməli olan ən azı 2-3 institut var. Amma neyləyək ki, onlar da psixoloji, sosioloji problemləri öyrənməkdən başqa nə ilə desən məşğuldurlar.

Normal cəmiyyətdə İNTİHARların qarşısını almaq üçün bir neçə metod təklif olunur.

Birincisi, əksər normal cəmiyyətlərdə psixoloji yardım mərkəzləri fəaliyyət göstərir. Və bu mərkəzlərdə psixoloji yardımlar pulsuz və yaxud simvolik qiymətlərlərlə aparılır.  Bizdə isə hər şey pulladır. Hətta məsləhət də. Götürəndə heç normal psixoloji yardım da ala bilmirsən. Çünki yanına getdiyin həkim-psixoloq səni dinləmək yox, səndən daha tez qurtulmaq istəyir. Ona görə də psixoloji yardıma gələn insan nevroloji problemli insan kimi yola salınır, əlində də iki səhifəlik “resept”lə birgə.

İkincisi, normal cəmiyyətdə insanlar psixoloji gərginlikdən qurtulmaq üçün dini ibadətgahlara gedirlər. Yəni din insanları həyata bağlayır. Ən çətin anda insanlar Tanrıya sığınır, Tanrıya tapınır. Yəqin ki, kilsəyə gedənlər görüb. Kilsənin içində balaca bir nəfəslik olur. Kilsəyə gələn insan üzünü o nəfəsliyə tutub bəzən saatlarla danışır. Bir növ Tanrı ilə əlaqəyə girir. Heç kimə deyə bilmədiyini və yaxud heç kimin eşitmək istəmədiyi dərdlərini, hisslərini xristianlar o nəfəsliyə söyləyirlər. Və sonra anadan yeni doğulmuş insan kimi yüngülləşərək evlərinə, hayatlarına dönürlər. Bizdə isə belə bir imkan yoxdur.

Məscidlərimizin qapısı çox zaman bağlı olur. Baxmayaraq ki, islamda buyrulub ki, məscidin qapısı 24 saat açıq olmalıdır. Yəni insanlar məscidə təkcə ibadət etmək üçün deyil, bəzən gecələməyə yeri olmadığı üçün də gələ bilməlidir. Amma bizim təfəkkürümüzdə məsciddə yatmaq ən böyük günah sayılır. Hələ onu demirəm ki, məscidlərdə gələn insanın Tanrıyla başbaşa qalması üçün normal şərait yoxdur. Əslində ibadət edənlər üçün məsciddə saatlarla danışıb, dua etməklə ürəyini boşaltmağa xüsusi guşələr lazımdır. Qədim məscidlərdə bu məqsədlə çox sayda hücrələr olurdu. Amma indiki məscidlərimizdə belə hücrələr yoxdur. Çünki məsciddə oturan “molla” da, “axund”da ona göstəriş verən yuxarıda oturan da nadandır. İslamdan bixəbərdir. Molla sözü əslində oxumuş mənası verir. Amma bizim mollaların tam əksəriyyəti cəhalət içindədir. Çoxunun doğru-dürüst orta təhsili də yoxdur. Və onlarda oturduqları məscidi Allahın evi, yetim-yesirin sığınacaq yeri kimi yox, kommersiya obyekti kimi baxır. Məsələn, hazırda respublikamızda məscid var ki, onun axundu özü üçün yeraltı tunel tikdirib. Evindən məscidə yeraltı tunel vasitəsi ilə gedib-gəlir.

Deyirlər ki, son iki ildir ki, heç məscidə də getmir. İnteraktiv idaretmə sisteminə keçib. Bax, gündən-günə artan intiharların əsas səbəbkarlarından biri də məscidlərimizdəki cahil və nadan “molla”lardır. Bir anlığa göz önünə gətirək. Depressiyaya düşmüş və yaxud psixoloji gərginlik yaşayan bir şəxs məscidə getsə, onu hansı mənzərə gözləyə bilər. Təbii ki, uzaqdan gülab qoxusu verən “molla” ilk andaca gələn insana deyəcək ki, “Gəl sənə qələm çalım, iki günə heç nəyin qalmayacaq”. Gələn insan qadın olsa, ona daha çox vədlər veriləcək.  Yəni “mollalar” da məmurlarımız kimi içəri girənə insan kimi, vətəndaş kimi yox, potensial müştəri kimi baxır. Ona görə də problemlər məngənəsində sıxılan, hər yerdən əli üzülən və ən azından dinlənilmək arzusu ilə alışıb yanan insanlar nə məscidə gedir, nə də ki psixoloqa. Onlar intihara qaçırlar.

İNTİHAR edənlər mənim nəzərimdə ən vicdanlı insanlardır. Çünki cəmiyyətin ona qarşı haqsız basqılarına tab gətirmir, dözə bilmir. Və özünü intihar edir. Amma bir anlığa göz önünə gətirək. Azərbaycan cəmiyyətində o qədər söyülən, təhqir edilən məmurlarımız var ki…

Bu  qədər təhqirlərə, söyüşlərə onlar “mərdanəlikə” sinə gərirlər. Məsələn, mən təsəvvür etmirəm ki, xalqın qanını soran, yüzlərlə insanın ölümünə səbəb olan Eldar Mahmudov və yaxud Əbülfəz Qarayev, lap elə Elmar Məmmədyarov intihar haqqında düşünsün. Hələ “5-ci kolon” və digər ağır damğalarla “həyatlarını sürdürən” Ramiz Mehdiyevi, Əli Həsənovu demirəm. Bu adamlar o qədər insanın ürəyini partladıb, öldürüblər ki,..

Di gəl ki, bu gün də onlar heç nə olmamış kimi danışırlar, yeri gələndə əzələ göstərirlər. Yeri gəlmişkən, bir dəfə məlumatlı bir şəxs mənə dedi ki, “Ramiz Mehdiyev başda olmaqla bir çox məmurlar hər gün süd vannası qəbul edirlər”. Fikrini də belə izah etdi ki, süd vannası insanın dərisindəki ölmüş hüceyrələri bərpa edir, orqanizmi cavanlaşdırır. O anda ağlıma ilk gələn bu oldu ki, “Daha denən ki, marketlərdə satılan süd məhsulları məmurlarımızın vannasından axıdılan südlərdən hazırlanıb də”… Və iyrəndim. O, məmurlardan da, onların seçdikləri müalicə üsulundan da.

Nə isə,.. İntiharlar günbəgün artır. Özünə qəsd edənlərin əksəriyyəti də 20-40 yaş arası insanlardır. O insanlar ki, cəmiyyətimizə gözəl töhvələr verə biləcək yaşdadırlar. Amma onlar laqeyid baxışlardan, donuq sifətlərdən, həyasızlıqdan qızarmış sifətlərdən formalaşmış bir cəmiyyətdə yaşamaq istəmirlər. Ona görə ki, onlar işıqlı adamlardır. Ən azı ölümləri ilə cəmiyyətimizə işıq salmaq, bizləri silkələyərək özümüzə gətirməyə çalışırlar. Öz həyatları bahasına olsa belə…

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*