Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə ediləcəklər.
KONKRET.az xəbər verir ki, bu məsələ parlamentin iyunun 12-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, tibbi müayinə haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək. Eyni zamanda, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və ya təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslərin beş yüz manat miqdarında, vəzifəli şəxslərin üç min manat miqdarında, hüquqi şəxslərin beş min manat miqdarında cəriməsi nəzərdə tutulur.
Bundan başqa maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsinə görə, həmçinin ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə də cərimələr nəzərdə tutulub.
Bu Məcəllənin 447-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Qanun layihəsinə görə, bu Məcəllənin 447-1.1-ci və 447-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunur. Həmçinin bu Məcəllənin 447-1.1-ci və 447-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində aradan qaldırılmalıdır. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
