Azərbaycanda bəzi iş yerlərində işçilərin əməkhaqqından intizam tənbehi qismində tutulmalar müşahidə olunur. Xüsusilə, gecikmə və ya daxili intizam qaydalarının pozulması kimi səbəblərlə maaşdan müəyyən məbləğlərin çıxılması tez-tez müzakirə mövzusuna çevrilir.
Bəs bu cür yanaşma qanunvericiliyə nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, praktika göstərir ki, bəzi müəssisələrdə əməkdaşların işə gecikməsi səbəbilə əməkhaqqından müəyyən məbləğlər tutulur. Bu cür tutulmalar yalnız konkret hüquqi əsaslar mövcud olduqda mümkündür.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, belə bir hüquq yalnız kollektiv müqavilədə açıq şəkildə nəzərdə tutulduğu halda tətbiq edilə bilər. Bundan əlavə, əməkhaqqından tutulan məbləğ şəxsin aylıq maaşının dörddəbirindən artıq olmamalıdır.
Əgər müəssisədə kollektiv müqavilə yoxdursa və ya sənəddə bu cür tutulmalarla bağlı müddəa yer almayıbsa, gecikmə və digər oxşar hallara görə işçilərin cərimələnməsi qanunsuz sayılır,” – deyə o, əlavə edib.
Ekspertin fikrincə, müəssisə rəhbərliyi bu məsələdə qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, əməkdaşlar isə öz hüquqlarını bilməli və pozuntu hallarında müvafiq qaydada müdafiə etməlidirlər.
Aynurə İsmayıl
KONKRET.az
