Ermənistanın Rusiya ilə bağlı planları açıq müstəviyə keçib və ermənilər müttəfiqindən birdəfəlik canını qurtarmaq üçün öz siyasi vektorunu dəyişməyə çalışır. Bunun üçün Paşinyan Rusiyanın patronajlığı altındakı təşkilatların iclas və sammitlərindən imtina etmək qərarına gəlib. Bir neçə dəfə həmin təşkilatları boykot edən Ermənistanın Baş naziri bu dəfə KTMT-nin sammitindən imtina etməklə yenidən Rusiyanı qıcıqlandırıb. Ermənistanda hesab edirlər ki, rəsmi İrəvanın bu hərəkəti KTMT ilə vidalaşmaq üçün atılan ciddi addımdır.
KONKRET.az xəbər verir ki, erməni politoloq Aleksandr İsgəndəryanın fikirincə, Nikol Paşinyanın xarici siyasət kursunu dəyişməsi Rusiyaya inamsızlıqdan irəli gəlir:
“Ermənistanın bu davranışı Rusiya ilə təhlükəsizlik sahəsində münasibətlərdə müəyyən böhranın nəticəsidir. Birincisi, bu, 2020-ci il müharibəsi və Qarabağın təhvil verilməsindən sonra baş verib. Rusiya, xüsusən də onunla əlaqəli təhlükəsizlik strukturu – KTMT üzərilərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edib. Ermənistan indi başqa təhlükəsizlik formatları axtarır və elə hesab edir ki, yalnız bundan sonra öz təhlükəsizliyini təmin edə bilər. Bununla bağlı Ermənistanın mövqeyi baş verənlərin səbəbi deyil, nəticəsidir. Ermənistan başqa təhlükəsizlik strukturları axtarmağa məcburdur”.
Ermənistanın KTMT-nin sammitindən imtina etməsinə münasibət bildirən İsgəndəryan bildirib ki, onun ölkəsi hərbi blokdan çıxmır, sadəcə iclaslarda iştirak etmir:
“Belə nəticəyə gəlmək olar ki, Ermənistan KTMT-ni mütləq tərk etməlidir. Ermənistanın KTMT-dən narazı olması o demək deyil ki, o, zərər gətirir. Hər halda elitanın institusional dəyişikliklərə getmədiyi göz qabağındadır.
Hələ ki, baş verənlərin hamısı arqumentlər, jestlərdir və heç bir institusional dəyişiklik yoxdur. Ermənistan KTMT, MDB və Aİİ-nin üzvüdür. Hazırkı məqsəd KTMT-dən çıxmaq deyil. Ermənistanın məqsədi həm siyasi, həm də hərbi komponenti özündə birləşdirən təhlükəsizlik formatı tapmaqdır.
Əsas olan 2020-ci il müharibəsində aldığımız məğlubiyyətdir. Üç il əvvəl Ermənistanın subyektivliyi Azərbaycanla müharibədə uduzduğuna görə kəskin şəkildə azalıb. Ermənistan hərbi məğlubiyyətdən sonra qaldığı yerdə dayandı. Azərbaycan isə əksinə, subyektivliyini artırdı. Və nəticə göz qabağındadır”.
Daha sonra sülh müqaviləsinin perspektivinə toxunan politoloq bildirib ki, bu il müqavilənin bağlanacağına inanmır: “Sülh müqaviləsi olmayacaq. Əvvəla, İrəvanla Bakı arasında danışıqlar kifayət qədər ləng gedir. Deməzdim ki, Ermənistan və Azərbaycan hər iki tərəfə uyğun olan nəticəyə gəlirlər. İkincisi, sülh müqaviləsinin imzalanmasının özlüyündə münaqişəyə son qoyacağını və bütün problemlərin həllinə gətirib çıxaracağını düşünmürəm. Ermənistanla Bakının münasibətlərində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Bütün bunlar sülh müqaviləsini əngəlləyir”.
Vəli Həsənov,
KONKRET.az
