Borcu çox olan ataya görə oğula kredit verilmir – Açıqlamabackend

Borcu çox olan ataya görə oğula kredit verilmir - Açıqlama

Maliyyə qurumları tərəfindən kredit müraciətləri araşdırılarkən təkcə fərdin yox, onun ailə üzvlərinin də maliyyə keçmişi diqqət mərkəzinə düşür. Xüsusilə eyni yaşayış ünvanını paylaşan və ya eyni əlaqə məlumatlarını təqdim edən qohumların ödəniş davranışları risk dərəcəsinin təyini zamanı bütöv tərkibdə nəzərdən keçirilir. Bu səbəbdən övladın öhdəliklərini vaxtında icra etməməsi ümumi ailə riski formatında qəbul olunur və nəticədə kifayət qədər gəliri olan atanın borclanma istəyi mənfi cavablandırıla bilir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı bank mütəxəssisi Emin Kərimov Demokrat.az-a bildirib ki, belə yanaşmalar bankların məhsullarına uyğun olaraq mövcuddur:

“Şəxs eyni ünvanda qeydiyyatda olduğu yerin nömrəsini verdikdə və ya hər iki müraciətdə eyni telefon nömrəsi göstərildikdə, qeydiyyatlar uyğun gəldikdə bankda ümumiyyətlə yaxınlıq, qohumluq əlaqələri aşkarlana bilər. Bir çox hallarda kredit məhsullarının şərtlərinə əsasən imtina da edilə bilər. Mənim öz təcrübəmdə də olub ki, eyni evdən bacı-qardaş, həyat yoldaşı və ya ata-oğul müraciət edirdi. Həmin dövrdə məhsulun şərtlərinə əsasən belə bir tələb var idi ki, ünvan üzrə gecikməsi olan və ya telefon üzrə gecikməsi olan müştəri varsa, kredit verilməsin. Belə tələblər var idi. Yanaşma bankdan banka və məhsulun şərtlərindən asılıdır. Hamısında olmasa da, bəzilərində tətbiq olunur və məhsul şərtləri ilə tənzimlənir. Bir tərəfdən məntiqi uyğunluq da var ki, eyni ünvanda gecikməsi olan kredit olduğu halda həmin ünvandan ikinci şəxsə kredit verilməsi məqsədəuyğun sayılmır”, – deyə o qeyd edib.

Beləliklə, bankların kredit risklərini qiymətləndirmə meyarları yalnız fərdi göstəricilərlə məhdudlaşmır, həm də ailə üzvlərinin maliyyə məsuliyyətini əhatə edir. Eyni mənzildə yaşayan yaxın qohumların ödəniş gecikmələri ümumi büdcənin etibarlılığına birbaşa təsir göstərərək, digər ailə üzvlərinin də maliyyə imkanlarını mənfi istiqamətdə məhdudlaşdıra bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*