İsveç Böyük Britaniyanın MI6 xidmətinə bənzər fəaliyyət göstərəcək yeni xarici kəşfiyyat qurumu – Utrikes underrättelsetjänst (UND) yaratmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu qərar İsveç kəşfiyyatının Ukraynada müharibə başlamazdan əvvəlki fəaliyyətinin qiymətləndirilməsindən sonra qəbul edilib.
“The Economist”in məlumatına görə, 2022-ci ildə İsveçin hərbi kəşfiyyatı MUST, bəzi digər Avropa xüsusi xidmət orqanları kimi, Rusiyanın hərbi əməliyyata başlayacağını əvvəlcədən proqnozlaşdıra bilməmişdi.
Stokholm belə nəticəyə gəlib ki, mövcud sistem hərbi prosesləri kifayət qədər izləsə də, digər ölkələrin siyasi rəhbərliklərinin qərarlarını yetərincə təhlil etmir.
Yeni xidmət MUST ilə paralel fəaliyyət göstərəcək və onun funksiyalarının bir hissəsini, o cümlədən xaricdə məxfi əməliyyatların koordinasiyasını öz üzərinə götürəcək. Parlamentin avqust ayında UND-nin yaradılmasını təsdiqləyəcəyi, qurumun isə gələn ilin yanvarından fəaliyyətə başlayacağı gözlənilir.
İsveç 2024-cü ilin martında NATO-ya üzv olaraq təxminən 200 illik hərbi neytrallıq siyasətinə son qoydu. Hazırda ölkə müdafiəyə ÜDM-in 2,8%-ni ayırır və bu göstəricini 2030-cu ilədək 3,5%-ə çatdırmağı planlaşdırır.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin İsveçin NATO-ya üzvlüyünün Rusiya üçün birbaşa təhlükə yaratmadığını bildirsə də, Skandinaviya ölkələrinin addımlarının beynəlxalq təhlükəsizlik sahəsində onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirə biləcəyini vurğulamışdı.
2025-ci ilin avqustunda isə İsveç Silahlı Qüvvələrinin rəhbəri Mikael Klaesson Rusiyanın NATO-nun reaksiyasını yoxlamaq məqsədilə kiçik bir ərazini ələ keçirməyə cəhd göstərə biləcəyini demişdi.
Putin isə dəfələrlə Rusiyanın NATO ilə münaqişə planlaşdırdığı barədə iddiaları təkzib edib.
Ağagül Mürsəlov,
KONKRET.az
