İki həftəlik sərtləşdirilmiş karantin dövründə Bakıda ciddi sıxlıq olacağını ehtimal etmirik. Bir çox sahələrdə fəaliyyət dayandırılıb.
KONKRET.az xəbər verir ki, bunu iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib: “İctimai nəqliyyatın hərəkəti üçün ayrıca zolaqların olmasını biz də istəyərdik. Amma Bakıda bu zolaqların yaradılması bütün küçələrdə mümkün deyil. Bakıda elə küçə var genişdir, zolaq yaratmaq olar və avtobus hərəkət edə bilir. Elə küçə də var ki, orada yol geniş deyil, yenə də o yolda sıxlıq olacaq.
Sərt karantin rejimi günlərində ictimai nəqliyyatda sıxlıq olacağını düşünmürük. Əsas məsələ maskadan istifadə etməkdir. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərdən maska taxmağı xahiş edirik. Əfsuslar olsun ki, avtobuslarda hərəkət edən sərnişinlərin təxminən 30-40 faizi maskadan istifadə edir. Aydın məsələdir, buna nəzarəti polis həyata keçirir. Amma polis bütün avtobusları bir-bir saxlayıb bu qədər insanı məsuliyyətə cəlb edəsi deyil. Vətəndaş məsuliyyəti daha yüksək olmalıdır”.