Bu günlərdə Dağlıq Qarabağda Azərbaycana qarşı aqressiv erməni separatçılığının başlamasının 32-ci ili tamam oldu. Ötən ilin sonlarındakı 44 günlük Vətən savaşı nəticəsində bu separatizmin kökünü qazıya bildiksə də, əfsus ki, hələ də ərazilərimizdə özlərini “özünümüdafiə qüvvələri” adlandıran silahlı erməni quldurları qalmaqdadır.
Sözsüz ki, zamanı gəlincə onlar da ya məhv ediləcək, ya da tərk-silah. Sadəcə, hazırda bölgədə öz xahişimizlə rus sülhməramlı qüvvələri yerləşdiyi üçün proses bir qədər fərqli xarakter alıb. Söhbət həm də zaman amilindən gedir. Hərçənd bəzi separatçı ünsürlər özündənrazı şəkildə iddia edirlər ki, guya tərk-silah olmayacaq, əksinə, Qarabağda hansısa yeni “özünü müdafiə strukturu” yaradılacaq.
*****
Təbii ki, Bakı hansı ad altında olur-olsun ərazimizdə, o cümlədən keçmiş DQMV-dən qalan kiçik hissədə qanunsuz silahlı birliklərin mövcudluğuna əsla izn verməyəcək. Ona görə ki, dəfələrlə deyildiyi kimi, bir dövlətdə iki ordu mövcud ola bilməz. Heç bir normal dövllər də buna razı olmaz. Əgər Rusiya prezidenti Vladimir Putin də etiraf edirsə ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, hansı qanunsuz silahlı qüvvələrdən söhbət gedə bilər ki?

Tomas de Vaal
Britaniyalı konfliktoloq, ABŞ-dakı Kornegi Sülh Fondunun aparıcı eksperti Tomas de Vaal isə Qarabağda erməni silahlı qüvvələrinin hələ də qalmasını ən əvvəl tərəflərin, yəni Azərbaycan və Ermənistanın 10 noyabr kapitulyasiya sənədini fərqli şəkildə yozması ilə izah edir. Onun fikrincə, sənəddə Dağlıq Qarabağdakı erməni silahlı personalının statusu ilə bağlı qeyri-müəyyənlik var:
“Anlaşmanın birinci bəndinə görə, münaqişə tərəfləri ”hazırkı mövqelərində dayanmalıdırlar”. Müqavilənin dördüncü bəndində isə deyilir ki, “Rusiya Federasiyasının sülhməramlı qüvvələri Ermənistan qoşunlarının geri çəkilməsi ilə eyni vaxtda həmin əraziyə yerləşdiriləcək”. İki tərəf bu məqamlara fərqli təfsir verir. Ermənilər birinci bəndin erməni qüvvələrinin Qarabağda saxlamağa imkan verdiyini və silahlı qüvvələri Qarabağ ətrafındakı yeddi Azərbaycan bölgəsindən çıxararaq dördüncü bəndə əməl etdiklərini söyləyirlər. Azərbaycan tərəfi isə deyir ki, erməni qüvvələri Rusiya sülhməramlıları əraziyə daxil olan kimi Dağlıq Qarabağdan da çəkilməli idi”.
Təbii ki, erməni tərəfinin özünə sərfəli yozumu bizi maraqlandırmır. Çünki Azərbaycanın apardığı Vətən müharibəndə əsas hədəf ərazi bütövlüyünün bərpası və işğalçı qüvvələrin torpaqlarımızdan tam çıxarılması olub. Bu müharibə də Moskvanın israrlı xahişi və vasitəçiliyi il ona görə dayandırıldı ki, erməni tərəfdən əlavə, böyük canlı itkilər olmasın və erməni silahlı birləşmələrinin məhv edilməmiş hissələri xoşluqla Azərbaycanın hüdudlarını tərk eləsinlər.
Üçtərəfli saziş bir yana, bunu hər şeydən öncə beynəlxalq hüquq tələb edir. Demək, başqa yozuma yer qala bilməz. Ərazilərimiz qanunsuz silahlılardan qeyd-şərtsiz və tam azad olunmalıdır. Bu məsələdə Azərbaycan tərəfdən heç bir güzəşt olmayacaq və lazım gələrsə, “Dəmir yumruq” təzədən işə salınacaq. Gec, ya tez. Ərazimizdən axırıncı silahlı erməni çıxmayınca müharibə bitmiş sayılmayacaq.
10 noyabr sazişindən sonra ələ keçən 62 erməni diversantı məsələsində qətiyyətli mövqeyimiz buna şəkk-şübhə saxlamır. Başqa yandan, Azərbaycan dövləti yaxşı fərqindədir ki, Dağlıq Qarabağ coğrafiyasında erməni silahlı qüvvələrinin qalması gələcək separatçılıq üçün şirnikləndirici bir amil olacaq və oradakı dinc erməni əhalisini qorxu altında saxlayaraq onun Azərbaycan cəmiyyətinə inteqrasiyasına ciddi əngəl yaradacaq. Buna isə əsla imkan vermək olmaz.
*****
Əlbəttə, Bakı öz ərazisinin axırıncı santimetrindəki separatçı-işğalçını da qovub çıxaracaq. Ancaq bunu mövcud yeni şərtləri nəzərə almaqla, əsasən də Rusiya tərəfi ilə qarşılıqlı əməkdaşlıq şəraitində etməyə çalışacaq. Hər necə olmasa, Xankəndindəki separatçı tör-töküntülər əla bilir ki, aradakı rus hərbçiləri olmasa, Azərbaycan Ordusu asanca onların axırına çıxa bilər. Başqa sözlə, Bakının adından Rusiyanın onlara deyəcəyi söz, az qala, qanun qüvvəsində olacaq. Bunu az-çox ağlı yerində olan ermənilər də bilir və etiraf edirlər.
“Rusiya olmasaydı, müharibə Ermənistan ərazisində gedəcəkdi”.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki,bu sözləri Rusiyada yaşayan erməni kinorejissor Tiqran Keosayan erməni mediasına müsahibəsində deyib.
“Ermənistan dəhşətli bir məğlubiyyətə, depressiyaya və bildiyim qədəri ilə, həm də ermənilərin ölkədən total şəkildə köç etmək istəyinə tuş gəlib” – deyən Keosayan əmindir ki, Rusiya olmasaydı, yekun ermənilər üçün qat-qat dəhşətli olacaqdı. “Mən əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyini nəzərdə tuturam”, – deyə o vurğulayıb.
Kapitulyasiyanın səbəblərinə toxunan erməni xadim deyir ki, erməni tərəfi 90-cı illərdən sonra “fil qulağı”nda yatıb və özündən razı şəkildə yaşayıb, regionda və dünyada gedən dəyişiklikləri qulaqardı edib:
“Ötən əsrin 90-cı illərdə müharibə səngər müharibəsi, təmas savaşı idi. Amma indi erməni tərəfindəki 75-80% qurbanlar, yaralananlar ona görə oldu ki, Azərbaycan zamanla ayaqlaşaraq müharibəyə hazırlaşır, Ermənistan isə açıq-aydın, mənə çatmayan səbəblərdən özünə arxalanırdı”.

Ermənistan silahlı qüvvələrinin texniki cəhətdən müharibəyə hazır olmamasına görə Tiqran Keosayan yalnız baş nazir Nikol Paşinyanı yox, keçmiş prezidenti Serj Sərkisyanı da günahlandırır və eks-prezident Robert Köçəryanın onu varis seçməsi qərarını böyük səhv adlandırır. Eyni zamanda başqa səbəblərin də olduğunu bildirir və xüsusilə Türkiyə və Azərbaycan tərəfdən uzun on illər tətbiq olunan blokada vəziyyətini göstərir.
Sitat: “Ermənistanda çox sayda yaradıcı, bacarıqlı insan mövcud idi. Ancaq blokada məsələsi var: iş yox, yollar bağlı. Və 90-cı illərin əvvəllərindən bəri ailələrini saxlaya bilməyəcəklərini, ancaq gücləri, ideyaları, istəkləri olduğunu anlayan insanlar tam haqlı olaraq ölkədən çıxıb getməyə başladılar. İnanaraq ki, burada – Moskvada, Sankt-Peterburqda, İrkutskda, Los-Ancelesdə, Keyptaunda möhkəmlənib nəhəng sayda qohumumuza kömək edəcəklər. Bir çoxunda bu alındı. Beləliklə, Ermənistan ildən-ilə, on illər ərzində ən fəal təbəqəsini, aktiv insanlarını, biznesi və iqtisadiyyatı irəli apara biləcək bacarıqlı adamları itirməyə başladı”, – erməni kinorejissor qeyd edib.
Daha bir mühüm səbəb: “90-cı illərin döyüş əməliyyatlarında iştirak edən hər kəs yaxşı bilir və xatırlayırdı ki, 7 rayon (keçmiş DQMV ətrafındakı – red.) Azərbaycanla gələcək bazarlıq üçün zəbt edilib. Ancaq zaman keçdikcə, daxili uğurlar və irəliləyişlərin olmadığı vaxtda hakimiyyətdəkilər 1994-cü il qələbəsindən fərqli bir şəkildə istifadə etməyə başladılar və dedilər: yaxşı, Azərbaycana biz necə nəsə qaytara bilərik, əgər onun ərazisinin dörddə biri bizdədirsə”.
*****
Yəni rusun hesabına əldə edilən müvəqqəti hərbi uğurdan başgicəllənmə, eyforiya və bundan doğan maksimalist mövqe, uzun illər Azərbaycana qarşı irəli sürülən alçaldıcı şərtlərin doğurduğu sonuc. Artıq o ortadadır. “Qalib” Ermənistan kapitulyasiya edib, “azdan da olub” və demək, axırıncı silahlısını da ərazimizdə çəkməlidir ki, bölgədə dinc, normal həyat 30 illik fasilədən sonra öz axarına düşməyə başlasın. Əks halda, nə olacağını bilirlər. Bu dəfə xilaskarları Rusiya da köməyə gələ bilməyəcək.
“İşğaldan azad edilmiş ərazilərdəki məskunlaşdırma işi Hadrut və Şuşadan başlamalıdır”.

Bunu isə politoloq Elxan Şahinoğlu bildirib. Ekspert azad edilmiş ərazilərdəki son durumdan danışarkən deyib:
“İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi vaxt alacaq. Bu aydındır. Ancaq müxtəlif ölkələrin müasir texnologiyalarını tətbiq etməklə minaların təmizlənməsi prosesini sürətləndirmək mümkündür. İşğaldan azad olunmuş bölgələrə müasir texnoloji qurğular cəlb olunub. Əlbəttə, insan həyatı vacibdir. Ancaq minaların təmizlənməsi prosesini sürətləndirməklə bizim üçün vacib olan köçürülmə prosesini də sürətləndirmək imkanı qazanacağıq. İlk növbədə Dağlıq Qarabağın içini – Şuşa və Hadrutu məskunlaşdırmalıyıq ki, əhalinin nisbətini dəyişə bilək. Xankəndi, Xocalı və hələ ki işğal altında olan digər ərazilərimizin də məskunlaşması planlarını tərtib etməliyik. Əsas odur ki, proses başlayıb və böyük fasilə götürmək olmaz”.
Böyük fasilə isə olmayacaq. Çünki başlanan böyük qayıdış getdikcə vüsət almaqdadır. Bu prosesdə erməni quldur-yaraqlılarına yer ola bilməz…
