
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTX) keçmiş rəhbəri, dövlətə xəyanətdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən Kərim Məsimova qarşı çirkli pulların yuyulması və rüşvətxorluq ittihamı ilə iki yeni iş açılıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Məsimov barəsində çirkli pulların yuyulması (Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 366-cı maddəsi) və külli miqdarda rüşvətalma (Cinayət Məcəlləsinin 218-ci maddəsi) ilə bağlı ibtidai istintaq aparılır.
Məsimov yeni istintaqla əlaqədar koloniyadan Astana Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına köçürülüb.
Qeyd edək ki, bu ilin aprelində Qazaxıstan məhkəməsi Masimovu dövlətə xəyanətdə, hakimiyyəti zorakılıqla ələ keçirmədə, vəzifəsindən sui-istifadə etməkdə ittiham edib. Məhkəmə həbs cəzası ilə yanaşı, Məsimovun əmlakını müsadirə edib və məhkuma dövlət vəzifəsində işləməyə ömürlük qadağa qoyub.
Bu il yanvarın əvvəlində, yanvar hadisələrinin ildönümündə Qazaxıstanın baş prokuroru Berik Asılov bəyan etmişdi ki, Kərim Məsimov və onun müavini tabeliyində olan əməkdaşlara Almatı, Qızılorda və digər vilayətindəki inzibati binalarını tərk etmək əmri veriblər.
Eləcə də Almatı və Jambil vilayətlərindəki polis binaları da tərk edilib. Qazaxıstanın baş prokuroru əlavə edib ki, “Burada təxminən 3 min silah oğurlanıb, onların əksəriyyəti indiyədək tapılmayıb”. Kərim Məsimov 2022-ci il yanvarın 6-da Qazaxıstanda yanvar aksiyaları zamanı MTK əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onun keçmiş köməkçiləri də saxlanılıb.
Nursultan Nazarbayevin uzun müddətdir partnyoru olan 56 yaşlı Kərim Məsimov 2016-cı ilin sentyabrında MTK-nın rəhbəri təyin edilib. O, əvvəllər hökumət başçısı vəzifəsində çalışıb.
Qeyd edək ki, Qazaxıstanda qazın bahalaşması ilə bağlı kütləvi etirazlar 2022-ci il yanvarın 4-də başlayıb. Sonra məmurların istefası və Nazarbayevin abidələrinin sökülməsi tələbi ilə kütləvi aksiyalara, 2022-ci ilin 7 yanvarında Almatıda iğtişaşlara çevrilib. Kostanay və digər böyük şəhərlərdə iğtişaşlar KTMT qoşunlarının ölkəyə daxil olması və ölkədə internetin bağlanması ilə başa çatıb.
Rəsmi məlumatlara görə, yanvar ayında keçirilən etiraz aksiyaları və iğtişaşlar zamanı 238 nəfər həyatını itirib, onlardan altısı həbsdən sonra verilən işgəncələr nəticəsində həlak olub. Minlərlə insan saxlanılıb, yüzlərlə insan işgəncəyə məruz qalıb, lakin pis rəftarla bağlı şikayətlər üzrə qaldırılan cinayət işlərinin əksəriyyətinə xitam verilib.
