Ali təhsil müəssisələrində bəzi tələbələr davamiyyətsizlik və ya akademik borc səbəbindən müəyyən fənlərdən kəsilir və həmin fənləri yenidən götürmək üçün əlavə ödəniş etməli olurlar. Bu zaman tələbələr arasında belə bir sual yaranır: həmin ödənişləri qarşılamaq üçün Tələbə Təhsil Kreditindən istifadə etmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, davamiyyətsizlik səbəbindən yaranan əlavə ödənişlərin Tələbə Təhsil Krediti Fondu tərəfindən qarşılanması mümkün deyil.

Onun sözlərinə görə, Tələbə Təhsil Krediti Fondu yalnız tələbələrin illik təhsil haqqının ödənilməsi məqsədilə yaradılıb və digər xərclərin maliyyələşdirilməsi fondun fəaliyyət istiqamətlərinə daxil deyil.
“Fond yaşayış xərcləri, şəxsi ehtiyaclar və ya digər əlavə ödənişlər üçün nəzərdə tutulmayıb. Tələbə təhsil krediti almaq üçün müraciət etdikdə, müvafiq prosedurlar həyata keçirilir, bankla müqavilə bağlanır və vəsait birbaşa ali təhsil müəssisəsinin hesabına köçürülür. Yəni kredit tələbənin özünə deyil, təhsil haqqının ödənilməsi üçün universitetə yönləndirilir”, – deyə ekspert vurğulayıb.
R.Nurəliyev qeyd edib ki, davamiyyətsizlik və ya imtahandan kəsilmə nəticəsində yaranan əlavə ödənişlər tələbənin fərdi məsuliyyəti hesab olunur.
“Əgər tələbə hansısa fəndən kəsilibsə və həmin fənni yenidən götürmək üçün əlavə ödəniş etməlidirsə, bu xərc Tələbə Təhsil Krediti Fondu tərəfindən qarşılanmır. Fondun vəzifəsi yalnız tələbənin əsas təhsil haqqının ödənilməsinə dəstək verməkdir”, – deyə o. əlavə edib.
Ekspertin sözlərinə görə, mövcud qaydalara əsasən, akademik borclar və ya davamiyyətsizlikdən qaynaqlanan əlavə maliyyə öhdəlikləri təhsil krediti mexanizminə daxil edilmir. Bu səbəbdən tələbələr həmin ödənişləri öz vəsaitləri hesabına qarşılamalı olurlar.
Aynurə İsmayıl
KONKRET.az
