Güclü geomaqnit qasırğası gözlənilir.
Bu barədə KONKRET.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, Günəşdə fəallıq artıb. Alışmalarla əlaqədar II-IV tip radioemissiyalar və Yer istiqamətində Tac Kütlə Atılmaları (TKA) müşahidə edilib.
Müşahidələrə əsasən, Günəş səthində ləkələrin sayı azalaraq 8 qrup üzrə 124 ləkəyə düşüb. Həmçinin Tac dəlikləri də qeydə alınıb.
Günəş küləyinin maksimal sürəti 758 km/saniyəyə qədər yüksəlib. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -17 nT olub. Hazırda Günəş küləyinin sürəti 488 km/saniyə, sıxlığı 0,39 proton/sm³ təşkil edir.
5-6 iyun tarixlərində Günəş alışmaları nəticəsində baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub.
Mütəxəssislərin proqnozuna görə, yaxın günlərdə də Günəş fəallığı davam edəcək. C sinifli alışmaların baş vermə ehtimalı 95 faiz, M (R1-R2) sinifli alışmaların baş vermə ehtimalı 55 faiz, X (R3) sinifli alışmaların baş vermə ehtimalı isə 10 faiz qiymətləndirilir.
Bundan əlavə, 6 iyunda qeydə alınmış Tac Kütlə Atılmasının Yerə çatması ilə elektron və proton selinin artacağı gözlənilir. Günəş küləyinin də 8-9 iyun tarixlərində normadan yüksək olacağı proqnozlaşdırılır.
Mütəxəssislər bildirirlər ki, yüksək geomaqnit enliklərdə qütb parıltılarının (avroraların) müşahidə olunma ehtimalı 5-85 faiz, orta geomaqnit enliklərdə isə 15-50 faiz təşkil edir.
Ardıcıl Tac Kütlə Atılmalarının Yerə təsiri nəticəsində 8-10 iyun tarixlərində G3 səviyyəsinədək, yəni güclü geomaqnit qasırğasının baş verməsi gözlənilir. Bu, son günlərdə kosmik hava şəraitində müşahidə olunan ən diqqətçəkən hadisələrdən biri hesab edilir.
