Kredit xidmətlərinə əlçatanlığın artması ilə bir çox insan gündəlik ehtiyaclarını və ya planlarını maliyyələşdirmək üçün bank və maliyyə təşkilatlarına müraciət edir. Lakin kredit götürülərkən edilən bəzi səhvlər sonradan ciddi maliyyə çətinliklərinə, borc yükünün artmasına və hətta hüquqi problemlərə səbəb ola bilir. Bəs vətəndaşların ən çox etdiyi səhvlər hansılardır?
KONKRET.az mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, təəssüf ki, bir çox insanlar kredit qərarını maliyyə hesablamaları əsasında deyil, emosional şəkildə qəbul edir və bunun nəticəsində sonradan ciddi maliyyə çətinlikləri ilə üzləşirlər:
“Ən çox rast gəlinən səhvlərdən biri gəlir səviyyəsinə uyğun olmayan məbləğdə kredit götürülməsidir. İnsanlar bəzən aylıq ödənişə baxaraq qərar verir, lakin ailə büdcəsinin ümumi yükünü, gözlənilməz xərcləri və gələcək riskləri nəzərə almırlar. Bu isə gecikmələrə və problemli borcların yaranmasına səbəb olur.
Digər geniş yayılmış yanlış yanaşma istehlak məqsədli kreditlərdən həddindən artıq istifadə edilməsidir. Xüsusilə son model və bahalı mobil telefonların, dəbdəbəli məişət texnikasının, bahalı mebellərin və digər istehlak mallarının kredit hesabına alınması maliyyə baxımından səmərəli qərar hesab edilə bilməz.
Təəssüf ki, bəzi vətəndaşlar aylıq gəlirlərinin böyük hissəsini dəyəri sürətlə ucuzlaşan məhsullara xərcləyirlər. Nəticədə kredit öhdəliyi qalır, lakin alınmış məhsul zaman keçdikcə həm dəyərini, həm də aktuallığını itirir”.
Ekspert deyib ki, bəzi hallarda insanlar sosial şəbəkələrdə və ya ətraf mühitdə formalaşan istehlak təzyiqinin təsiri altında kredit götürürlər:
“Əslində ehtiyac olmadığı halda yalnız prestij və ya görüntü naminə bahalı telefon və digər məhsulların alınması ailə büdcəsi üçün əlavə risk yaradır. Kredit gəlir gətirən və ya insan kapitalını artıran sahələrə yönəldikdə daha faydalı ola bilər, lakin istehlak məqsədli borclanma uzunmüddətli maliyyə yükü yaradır.
Mövcud krediti ödəmək üçün yeni kredit götürülməsi, kredit müqavilələrinin tam oxunmaması, ehtiyat maliyyə fondunun yaradılmaması və bir neçə bankdan paralel şəkildə borclanma da vətəndaşların ən çox yol verdiyi səhvlər sırasındadır.
Hesab edirəm ki, kredit götürərkən əsas sual ‘Bu krediti ala bilərəmmi?’ deyil, ‘Bu krediti rahat şəkildə qaytara biləcəyəmmi?’ olmalıdır. Maliyyə intizamı və düzgün planlaşdırma olmadan götürülən kreditlər sonradan həm ailə büdcəsinə, həm də vətəndaşın maliyyə reputasiyasına mənfi təsir göstərir. Bu gün bir çox insan gələcək gəlirlərini cari istehlaka yönəldir.
Halbuki kreditlər daha çox gəlir yaradan fəaliyyətlərə, təhsilə, biznesə və ya uzunmüddətli dəyər formalaşdıran investisiyalara yönəldildikdə iqtisadi baxımdan daha səmərəli nəticələr verir”,- deyə o qeyd edib.
