Litva öz ölkələrinə tez-tez səfər edən belarusların və rusların yaşayış icazələrini ləğv edə bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu təklif Litva parlamentində irəli sürülüb və artıq müvafiq qanun layihəsi Seymə təqdim edilib.
Sənədə əsasən, Litva tərəfi vətəninə ayda bir dəfədən çox səfər edən belarusların və rusların yaşayış icazəsini ləğv edəcək. Layihə müəlliflərinin fikrincə, Rusiya Federasiyası və Belarus öz vətəndaşlarını casusluğa cəlb edə bilər və onlar Litvada kəşfiyyat tapşırıqlarını yerinə yetirər.
Bundan başqa, əgər ruslar və belaruslar Ukraynaya qarşı hərbi təcavüzü açıq şəkildə təbliğ edərlərsə və ya sistemli şəkildə “cəmiyyətin və ya dövlətin maraqlarına zidd” yalan məlumatlar yayarlarsa, yaşayış icazəsinin ləğv edilməsi təklif edilir.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Litvada rus və belarusların 2905 yaşayış icazəsi ləğv edilib.
Xatirə SADİQ,
KONKRET.az
