Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni rəhbərliyinin İrana qarşı tətbiq etdiyi sərt iqtisadi blokada siyasətinə münasibət bildirərək, bu yanaşmanı kəskin tənqid edib. Makron bölgədə artan gərginliyin kökündə məhz bu strateji addımların dayandığını vurğulayıb.
KONKRET.az xəbər verir ki, Fransa lideri Amerikanın xüsusilə İrana qarşı məqsədyönlü blokadanı saxlamaq qərarından sonra Tehranın öz ilkin mövqeyini dəyişməsinin tamamilə gözlənilən olduğunu qeyd edib. “Çox güman ki, Amerikanın blokadanı davam etdirmək qərarından sonra İran hakimiyyəti öz ilkin mövqeyini dəyişib. Hesab edirəm ki, bu, hər iki tərəfin səhvidir”, — deyə Makron bəyan edib.
Prezidentin bu çıxışı Avropanın Yaxın Şərq məsələsində Vaşinqtonun “maksimum təzyiq” kursu ilə razılaşmadığını və diplomatik həll yollarının tıxanmasından narahat olduğunu növbəti dəfə nümayiş etdirir. Makronun fikrincə, qarşılıqlı güzəştsiz addımlar regionu daha böyük qeyri-müəyyənliyə sürükləyir və bu prosesdə həm Vaşinqton, həm də Tehran strateji yanlışlıqlara yol verirlər.
Natiq Səlim,
KONKRET.az
