Mikroskopun əsil məqsədini unutmuşuq: İnsan bədəni və Şüurun sirribackend

Mikroskopun əsil məqsədini unutmuşuq: İnsan bədəni və Şüurun sirri

İnsan bədəni Şüurun özünü dərk etməsi və araşdırması üçün zəruri olan bir vasitədir. Onun bundan başqa heç bir məqsədi, mənası və təyinatı yoxdur. Bədəni mikroskopa bənzətmək olar.

Mikroskopun güclü böyütməsi ilə dünyaya baxsaq, istənilən obyektin əslində kvantlar toplusundan ibarət olduğunu görərik. Daha dərinə nüfuz etdikdə isə qarşımıza bərk hissəciklər deyil, «titrəyən enerji simləri» çıxır. Başqa sözlə, gördüyümüz hər şey boş məkanın müvəqqəti həyəcanlanmasından başqa bir şey deyil.

Üstəlik, boşluq heç kimə və heç nəyə görə fərqlənmir: nə fiziklər üçün, nə Ukrayna donuz piyi, nə Papua Yeni Qvineya sakinləri, nə Tverskoy küçəsinin fahişələri, nə də Oklahoma ştatından olan yük maşını sürücüləri üçün…

Şüur kainatdakı hər şeyin bütövlükdə və istisnasız olaraq özündən qaynaqlandığını dərk etdikdən sonra insan bədəninə – həmin «mikroskopa» artıq ehtiyac qalmır. Çünki onun funksiyası yerinə yetirilmiş, missiyası başa çatmış olur.

Amma problem ondadır ki, biz mikroskopun əslində nə üçün lazım olduğunu bilmirik. Buna baxmayaraq, ona müxtəlif markalı qılıflar alır, bir-birimizə nümayiş etdirir, hətta üstündə mübahisə edib dalaşırıq. Hər gün mikroskoplarımızın tozunu silir, optikasını dəyişir, mexanizmlərini yağlayırıq.

Bir müddət sonra mikroskoplarda proqram təminatı da peyda oldu. İndi onlar vaxtlarının böyük hissəsini daxili monoklun yenilənməsinə, təkmilləşdirilməsinə və «sağlamlaşdırılmasına» sərf edirlər. Ən müasir proqramlar isə guya mikroskopun ona baxan insana çevrilməsinə imkan verən gizli alqoritmlər hazırlayır.

Belə vəziyyətdə nə demək olar? Biz mikroskop kultu yaratmışıq. Onlara elə bağlanmışıq ki, paslanıb sıradan çıxana qədər bütün diqqətimizi onlara yönəldirik. Amma bir dəfə də olsun onların içinə baxmağa vaxt ayırmırıq.

Bacardığımız ən böyük iş isə həmin mikroskopların köməyi ilə sosial şəbəkələrin xəbər lentini izləməkdir.

Müəllif: Georgi Kokoşvili
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

P.S. Bəzən insan özünü tanımaq üçün ona verilmiş bədəni qorumaqla o qədər məşğul olur ki, həmin bədənin hansı məqsədə xidmət etdiyini tamamilə unudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*