Troya müharibəsinin unudulmuş qəhrəmanı: Türkiyədə Böyük Ayaksın ehtimal olunan məzarı aşkarlanıbbackend

Troya müharibəsinin unudulmuş qəhrəmanı: Türkiyədə Böyük Ayaksın ehtimal olunan məzarı aşkarlanıb

Əfsanəvi Troya şəhərinin yaxınlığında, Türkiyənin Çanaqqala vilayətində, Dardanel boğazının sahilində arxeoloqlar maraqlı kəşfə imza atıblar. Uzun illər adi tarixdən əvvəlki yaşayış məskəni hesab edilən İşıldaqtəpə-Altı təpəsinin əslində qədim dəfn kurqanı olduğu üzə çıxıb.

Troya Muzeyinin tədqiqatçılarının ehtimalına görə, məhz bu ərazidə vaxtilə “İliada” dastanının qəhrəmanlarından biri olan Telamon oğlu Ayaksın (Böyük Ayaksın) ilkin məzarı yerləşib. Antik mifologiyanın ən faciəli talelərindən birini yaşayan bu qəhrəmanın hekayəsi əsrlər keçsə də, maraq doğurmaqda davam edir.

Hektorla şərəfli döyüş və ölümcül hədiyyələr

Troya divarları önündə döyüşən yunan qəhrəmanları arasında Böyük Ayaks igidliyinə görə yalnız Axillesdən geri qalırdı. Nəhəng cüssəli, qeyri-adi gücə malik döyüşçü yunan sərkərdələri arasında döyüşlərdə heç vaxt yaralanmaması ilə seçilirdi. O, təkbaşına troyalıların gəmilərə hücumunun qarşısını alır, Axilles həlak olduqdan sonra isə onun cəsədini düşmən oxlarının yağışı altından çıxararaq xilas edir.

Lakin Ayaksın xarakterini ən yaxşı səciyyələndirən hadisə Troya ordusunun ən qüdrətli müdafiəçisi Hektorla təkbətək döyüşüdür.

İki igid döyüşçü nizə və nəhəng daşlarla axşama qədər vuruşur. Onlardan heç biri digərinə üstün gələ bilmir. Gecə düşdüyü üçün döyüş dayandırılır. Maraqlısı budur ki, amansız rəqiblər bir-birinin igidliyinə və cəsarətinə hörmətlə yanaşaraq xatirə olaraq hədiyyələr mübadiləsi edirlər:

* Hektor Ayaksa gümüş qınlı qılıncını və onun qayışını bağışlayır.

* Ayaks isə Hektora özünün bənövşəyi rəngli döyüş kəmərini verir.

Taleyin acı istehzasına baxın ki, hər iki hədiyyə sonradan sahiblərinin ölümündə rol oynayır. Axilles Hektor öldürüldükdən sonra onun cəsədini məhz Ayaksın bağışladığı bənövşəyi kəmərlə arabasına bağlayır. Hektorun Ayaksa verdiyi gümüş qılınc isə sonuncunun özünə qəsd etdiyi silaha çevrilir.

Başqasının paxıllığına qurban gedən qəhrəman

Axillesin ölümündən sonra onun tanrı Hefest tərəfindən hazırlanmış ilahi zirehlərinin kimə veriləcəyi məsələsi gündəmə gəlir. Gücünə, şücaətinə və döyüş xidmətlərinə görə bu zirehlər Ayaksa çatmalı idi. Lakin mübahisəyə hiyləgərliyi və natiqlik qabiliyyəti ilə tanınan Odissey də qoşulur.

Nəticədə Odissey qalib gəlir. Yunan sərkərdələri zirehləri qürurlu və güzəştə getməyən döyüşçüyə deyil, siyasi baxımdan daha münasib hesab etdikləri Odisseyə verməyə üstünlük göstərirlər.

Bu qərar Ayaks üçün ağır zərbə olur. Şərəfinin alçaldıldığını düşünən qəhrəman gecə ikən onu bu vəziyyətə salan sərkərdələrdən qisas almaq qərarına gəlir.

Lakin Odisseyin himayədarı olan ilahə Afina onun gözlərinə pərdə çəkərək ağlını əlindən alır. Ayaks qaranlıqda yunan sərkərdələrini öldürdüyünü zənn edərək bir qoyun-keçi və mal-qara sürüsünü qırır.

Özünə gəldikdən sonra törətdiklərini görən qəhrəman dəhşətə gəlir. Qüruru və yaşadığı rüsvayçılıq hissi ilə barışa bilməyən Ayaks Hektorun ona hədiyyə etdiyi gümüş qılıncın üzərinə atılaraq həyatına son qoyur.

Faciə bununla da bitmir. Onun ölümündən sonra belə düşmənçilik davam edir. Aqamemnon və Menelay Ayaksın cəsədinin böyük qəhrəmanlara layiq şəkildə yandırılmasına icazə vermirlər. Onların əmri ilə qəhrəmanın cəsədi dəniz sahilində torpağa tapşırılır.

Dardanel sahilində arxeoloqlar nə aşkar ediblər?

Antik müəlliflər Strabon və Filostratın əsərlərində Ayaksın ilk məzarının Rotiion burnu yaxınlığında yerləşdiyi bildirilir. Rəvayətə görə, zaman keçdikcə Dardanel boğazının dalğaları məzarı yuyub dağıdıb. Hətta qədim mənbələrdə dənizin sahildən nəhəng qəhrəmanın sümüklərini üzə çıxardığı, onun diz qapaqlarının isə disk atma yarışlarında istifadə edilən disklər boyda olduğu qeyd edilir.

Daha sonra, eramızın II əsrində Roma imperatoru Adrian Ayaksın qalıqlarının sahildən bir qədər uzağa köçürülməsini və onun şərəfinə yeni kurqan ucaldılmasını əmr edib.

Alimlər bu sonrakı Roma dövrünə aid kurqanın mövcudluğundan əvvəldən xəbərdar idilər. Lakin indi Troya Muzeyinin mütəxəssisi Fəxri Polat sahilə yaxın yerləşən İşıldaqtəpə-Altı təpəsini də araşdırıb.

Tədqiqatçı müəyyən edib ki, təpənin ətrafında süni şəkildə yaradılmış daş örtük mövcuddur. Bu xüsusiyyətlər onun qədim məzar-kurqan olduğunu göstərir. Təpənin yerləşdiyi ərazi isə antik müəlliflərin Ayaksın ilkin məzarı haqqında verdikləri təsvirlərlə uyğunluq təşkil edir.

Beləliklə, minilliklər sonra torpaq yenidən Troya müharibəsinin ən qüdrətli qəhrəmanlarından birinin xatirəsini yada salır. Sağlığında layiq olduğu ehtiramdan məhrum edilən Ayaksın adı isə onu alçaldanlardan və taleyinə təsir göstərənlərdən daha uzunömürlü olub.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*