MİLLİ QÜRUR YERİMİZ – AZƏRBAYCAN BAYRAĞIbackend

MİLLİ QÜRUR YERİMİZ – AZƏRBAYCAN BAYRAĞI

            Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir…. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək … hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.

                                                                                   Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar, heysiyyətində öyüncənlik hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikası Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.

Ramiz Qasımlı

Azərbaycan Xalq Cümhuriyyətinin ata bayrağı

Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluq anlamını ifadə edir.

Naxçıvandan qaldırılan müstəqillik və dövlətçilik rəmzi

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başlaydı. Düz 72 il sonra dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövətçilik fəaliyyəti həyata keçirilərək milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Məhz dahi, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini təşkil etmiş, milli dövlət quruculuğunun əsasında dayanmışdır.

Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrilib. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başladılan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqillyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.

Bayraqlar arasında bayrağımız…

Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədirlərdə bütün qüvvəsilə iştirak edən dövlətimiz üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfiqlərini özündə təcəlla etdirir. Dikilən, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir, bütün dünya azərbaycanlılarının həmrylik, birlik rəmzi kimi dalğalanır. Ulu öndərimiz demişdir: “Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”.

Yeni mərhələdə Bayraq ucalığı

Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir Günəş kimi doğan, günü-gündən inkişaf edən  müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması da bu yolun uğurlu davamı, milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət bayrağına hörmət və ehtiramın yüksək ifadəsidir. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırır. Meydandakı bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. “Ginnes” dünya rekordları təşkilatının 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də Azərbaycan vətəndaşına ayrı bir qürur və iftixar hissi yaşadır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Bütün bunlar isə qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq Azərbaycan vətəndaşına iftixar gətirir. Bayraq Meydanının açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir:Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünya­nın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. …Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” .

Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin təbliğ olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində saxlanılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev dövlətçilik təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği də başlıca yerdə dayanır. Naxçıvan Muxtar Respublikasında Bayraq Meydanının yaradılması istiqamətində aparılmış işlər də razılıq doğurur. Belə ki, “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır. Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın ən qiymətli sərvətlərindən biri də Naxçıvanın muxtariyyətidir. Azərbaycanın bu tarixi ərazisində yaranmış qədim dövlətlər kimi, Naxçıvan Muxtar Respublikası da özünün dövlətçilik atributlarına malik olmuşdur. …Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

Naxçıvan şəhərində inşa edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunmuşdur. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilmişdir.

Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğruna canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən Milli Qəhrəman və şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*