Müəllimlər niyə elmlə məşğul ola bilmir? – ƏTRAFLIbackend

Müəllimlər niyə elmlə məşğul ola bilmir? - ƏTRAFLI

“Elmlə maraqlanmaqla bağlı bu gün ciddi problemlər müşahidə olunur. İnsanlara təşviqedici məlumatları aşılamaq önəmlidir”.

Qeyd edək ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Mövzu ilə bağlı KONKRET.az təhsil eksperti Adil Vəliyevin fikirlərini öyrənib:

“Bəli, nazir müşavirinin fikrində həqiqət var. Amma burada əsas məqam ondan ibarətdir ki, istər saat hesabı, istər yarımştat, istərsə də tam ştat işləyən müəllimlərin maaşı azdır. Müəllimlər elmlə məşğul olan əsas şəxslərdir. Ona görə də onların həm maaşları yüksək olmalı, həm də iş saatı daha fərqli qurulmalıdır. Yəni iş saatının bir müəllim üçün səhər 09:00-dan axşam 18:00-a qədər tərtib olunması doğru qərar deyil. Çünki bu gün müəllimlərdən elmi araşdırmalar, yenilik tələb olunursa, onlara bir o qədər də vaxt verilməlidir. Daha sonra onlardan bu proseslə bağlı hesabat istəmək olar.

Təəssüf ki, indiki zamanda müəllimlər daha çox maddi durumlarını yaxşılaşdırmaq və ehtiyaclarını təmin etmək üçün bir neçə təhsil ocağında işləyirlər. Səhərdən axşama kimi universitetlərdə, ya da müəyyən kurslarda dərs keçirlər ki, maaşları yüksək olsun. Bu gün isə bütün sahələr üzrə qiymət artımları var. Bu artımın qarşısında onların maaşı kifayət qədər azdır”.

Onun sözlərinə görə, xarici ölkələrdə həyata keçirilən metod müəllimlərin elmi işlərə daha çox vaxt ayırmasına şərait yaradır:

“İnkişaf etmiş xarici ölkələrdə müəllim üçün saat tərtibatı bizdəki kimi deyil. Hətta Azərbaycanda da bir neçə universitet var ki, orada müəllimlərin səhər 09:00-dan axşam 18:00-a kimi işləmək şərti yoxdur.

Xarici ölkələrdə də belədir. Müəllimlər universitetə gələrək dərsini keçir, qalan zamanlarında isə elmi araşdırmalar üçün şərait yaranır. Bu zaman müəllimin tələbələri ilə əlaqəsinə ehtiyac olarsa, onlayn əlaqə saxlamağa üstünlük verilir. Düşünürəm ki, müəllimlərin nailiyyət əldə etməsi, təhsil sisteminə yeni töhfələr verməsi üçün imkanlar yaradılmalıdır”.

Fidan Ali,

KONKRET.az

  • Əliəddin
    Fevral 16, 2023 - 15:50

    Ciddi elmlə (plagiatla deyil) məşğul olmaq üçün zəruri şərait olmalıdır. Ali məktəb proqramı üzrə ən bəsit təcrü-bə aparılması mümkün olmayan universitetlərdə elmi araşdırmalardan danışmaq GÜLÜNC VƏ ABSURDDUR. Ali məktəblərdə əmək haqqı sisteminə gəlincə müəlliflə razılaşmamaq mümkün deyil. İndi dəbdə olan bir tendensiyanı da qeyd etməmək mümkün deyil. Universitetlərin rəhbərləri xaricdə nüfuzlu jurnallarda məqalə dərc etdirilməsini tələb edirlər. Həmin jurnallarda bir məqalənin dərci üçün əməkdaşın azından 2 aylıq əmək haqqı tələb olunur. Həmin pulu haradan tapıb verməlisən. Bütün il gəlib keçir bir manat mükafat verilmir. Anlamaq mümkün deyil. Dövlət qulluğunda çalışan xadiməyə, gözətçiyə, sürücüyə ildə üç dəfə mükafat nəzərdə tutan hökumət universitetdə çalışan elmlər doktoruna on ildə on qəpik mükafat nəzərdə tutmur. Elmi fəaliyyət haqqında ya yuxarıların ümumiyyətlə anlayışları yoxdur, ya da elmi fəaliyyəti PLAGİATÇILIQ kimi başa düşürlər. Bir ildə 50-60 və daha çox məqaləsi, kitabı, monoqrafiyası dərc olunan alimə alim demək nə dərəcədə məntiqə uyğundur. Ciddi elmi mühitdə bir ildə sadaladığım qədər elmi məhsul istehsal etdiyini iddia edən bir alimə vallah tüpürərlər. Bizdə ELMİ ƏLLAMƏLİK belə kosmik sürətlə inkişaf edir.

Əliəddin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*