“Bəlkə də bu ödənişlər indiki şərait üçün yüksək görünə bilər, amma bu model Dövlət İmtahan Mərkəzinin (DİM) dəyərləndirməsidir”.
KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ödənişin 60 manat müəyyənləşdirilməsini şərh edərkən deyib.
O bildirib ki, məsələ Milli Məclisdə müzakirə olunarkən Elm və Təhsil Nazirliyinə müsabiqənin qiymətləndirmə hissəsinin müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verilib.
Məzahir Məmmədlinin sözlərinə görə, nazirlik hələ parlament müzakirələri zamanı bu normativin Dövlət İmtahan Mərkəzinin (DİM) təcrübəsinə əsaslanacağını açıqlayıb:
“Nazirlik bildirmişdi ki, müəyyən ediləcək normativ DİM-in təcrübəsinə əsaslanacaq. DİM imtahanlarda hansı xərcləri əsas götürürsə, Elm və Təhsil Nazirliyi də həmin modelə uyğunlaşacaq. Buna görə də müəllimlərin işə qəbulu müsabiqəsində 60 manatlıq ödəniş məbləği müəyyən edilib”.
Ekspertin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə artıq Dövlət İmtahan Mərkəzinin imtahan standartları ilə eyniləşdirilib:
“Zal, kompüter, nəzarətçi – hamısı eynidir. Ümumi xərclər nə qədərdirsə, Elm və Təhsil Nazirliyi də bu xidmətləri həmin modelə uyğun təqdim edir. Burada əsas məqsəd ondan ibarətdir ki, bəzən namizədlər imtahan verib sonradan müsabiqədə iştirak etmirlər”.
Məzahir Məmmədli əlavə edib ki, ödənişli sistemin tətbiqində məqsədlərdən biri də bu kimi halların qarşısını almaqdır:
“Bəzi namizədlər qeydiyyatdan keçsələr də, sonradan müsabiqəyə qatılmırlar. Məsələn, 75 min nəfər müraciət edir, amma 60 min nəfər iştirak edir. Nəticədə 15 min nəfər üçün çəkilən xərc boşa gedir”.
