“Mühafizəkarlara səs verənin arvadının döşləri böyüyəcək” – Ekssentrik prezidentlərbackend

“Mühafizəkarlara səs verənin arvadının döşləri böyüyəcək" - Ekssentrik prezidentlər

Mərkəzi Bankı dinamitlə partlatmağı, bütün nazirlikləri ləğv etməyi vəd edən, siyasi opponentləri və Papanı söyən, həmçinin, ölü itin ruhu ilə danışan ekssentrik iqtisadçı professor Xavyer Maylinin Argentinada seçkilərdə qələbəsi gözlənilməz olub. Əslində o, 21-ci əsrdə qalib gələn ilk ekssentrik prezident deyil. Artıq ekssentriklərin hakimiyyətə gəlməsi ənənəyə çevrilib.

KONKRET.az öz ölkələrində siyasi olimpin ən yüksək zirvəsinə çatan belə liderlər barədə araşdırma aparıb. Onları sizə təqdim edirik.

Philippine President-elect Rodrigo Duterte speaks during his first press conference since he claimed victory in the presidential election, at a restaurant in Davao City, on the southern island of Mindanao on May 15, 2016.

Filippinin prezidenti Rodriqo Duterte. O, 2016-2022-ci illərdə Filippinin prezidenti olub.

Filippinlilər bütün zamanlarda narkotik alverçilərinin əməllərindən əziyyət çəkiblər. Filippin metamfetamin və bir çox sintetik narkotiklərin əsas istehsalçılarından biri kimi tanınır. Əhalinin əsas hissəsi narkotik satışı ilə dolanır. Ölkə əhalisinin 24%-i yoxsulluq həddindən də aşağı yaşayır. Dünya Bankının məlumatına görə, Meksika və Boliviyadan sonra Filippin korrupsiyaya görə 161 ölkə arasında 95-ci yerdədir. Filippin narkobaronlarının əksəriyyəti xaricdə yaşadığı üçün cinayət məsuliyyətindən kənar qalıblar.

Narkotik alverçilərinin hökmranlığından bezən Filippin əhalisi 2016-cı ildə narkotik biznesinə qarşı olan bir adamı prezident seçdi. Bu, Davao meri Rodriqo Duterte idi və seçki kampaniyasında narkotik alverçilərini suda boğacağına söz vermişdi. Hətta narkotacirləri vertolyotlardan atacağını və küçələrdə edam etdirəcəyini bildirmişdi: “Narkotik alverçiləri uşaqlarımızı məhv edirlər. Sizə xəbərdarlıq edirəm, mən sizi (narkotacirləri) məhv edəcəyəm. Cinayətkarların sürətlə edamı adam oğurluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin ən təsirli yoludur”, – deyən Davao şəhərinin meri Filippin prezidenti seçildi.

O, yerli əhalini narkotikə qarşı mübarizəyə cəlb etməyə başladı və xüsusi polis dəstəsi yaratdı. Həmin polislərə narkotik satıcılarını yerindəcə öldürməyə səlahiyyət də verdi. Prezidentin özü kürəyində ov tüfəngi Harley küçələrində patrul çəkənlər arasında görünəndə insanlar bunu təəccüblə qarşıladılar.  Bütün bunlar onu “ölüm batalyonları” yaratmaqda və insan hüquqlarını pozmaqda ittiham edən Qərb mediasının tənqidinə səbəb oldu. Amma bunun əsas səbəbi Dutertenin Rusiya ilə yaxınlaşma siyasəti idi. O, Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçdu və Rusiyadan silah aldı. Bununla da Cənub-Şərqi Asiyada ABŞ-ın “batmaz gəmisi” hesab olunan Fillippin artıq Qərbə meydan oxumağa başladı. Duterte açıq mətnlə ABŞ prezidenti Barak Obamanı təhqir etdi. Avropa Birliyi onu narkotik satıcılarını öldürməkdə günahlandırıb Hitlerə bənzədəndə o, üç milyon narkotik satıcısını öldürməklə xoşbəxt olacağını söyləyib.

Xatırladaq ki, Duterte ikinci səlahiyyət müddəti bitdikdən sonra istefa verib.

Böyük Britaniyanın Baş naziri Boris Conson.

Birləşmiş Krallığa 2019-2022-ci illərdə rəhbərlik edən Conson siyasi karyerasındakı uğura populist ifadələri və ehtiyatsız davranışı ilə nail olub. Bu da ona Britaniyada “quduz təlxək” reputasiyası qazandırıb.

Conson hakimiyyətə gəlməzdən əvvəl jurnalist kimi heç vaxt baş verməyən hadisələr haqqında yazmaqla ailəsini dolandırıb. Buna görə mediadan qovulan Conson məcbur qalıb, siyasətlə məşğul olmağa başlayıb. O, seçki kampaniyası zamanı “Mühafizəkarlara səs verənin arvadının döşləri böyüyəcək” və “Səs ver ki, BMW M3 almaq imkanın olsun” kimi əttökən şüarları ilə populyarlıq qazanıb. Conson ətrafındakı hər kəsə çamur atmaqdan zövq alıb. O, Hillari Klintonu “ruhi xəstəxanada tibb bacısı kimi dolğun dodaqlı və polad baxışlı, boyalı sarışın qarı” adlandırıb. Donald Tramp haqqında “açıq-aşkar ağlını itirən”, “heyrətamiz cahil adam” ifadələri işlədib. Barak Obama haqqında “Britaniya imperiyasına qarşı irsi nifrətini unutmayan” və onu “Keniyanın bir hissəsi” adlandıran bu adam Britaniyada qeyri-ciddi baş nazir imici qazanmışdı.

Onun Çin haqqında səsləndirdiyi fikirlər də orijinallığı ilə yadda qalıb: “Əslində yüksək Çin mədəniyyəti və incəsənəti Qərb formalarının təqlididir. Çinli pianoçuların əla texnikası var, lakin Şubert və Raxmaninovu ifa edirlər. Çin balerinaları Diaqilevin üslubunda rəqs edirlər. Çinin özündə işləyən heç bir çinli Nobel mükafatı almayıb”.

Conson, sözün əsl mənasında, Afrikanı savadsız, geridəqalmış əyalət hesab edib. İngilislərin müstəmləkəçilik siyasətinin Afrikanı indiki çıxılmaz vəziyyətə gətirdiyi ilə bağlı ittihamlara cavab olaraq qeyd edib ki, “qitə ilə bağlı problem bizim bir vaxtlar orada mövcudluğumuz deyil, orada daha çox hökmranlıq etməyimizdir. Əgər biz Afrikanı yerli sakinlərinin ixtiyarına buraxsaydıq, onlar indi gələcəyi düşünmədən banan yeməklə məşğul olardılar”.

İngilislər onu Breksitə görə daha çox xatırlayırlar. Conson köhnə qitə haqqında deyirdi: “Napoleon və Hitler Avropanı birləşdirməyə çalışdılar. Amma sonları faciə ilə başa çatdı. Avropa Birliyinin birləşmək planı isə bunu müxtəlif üsullarla etmək cəhdidir”. O, AB-dən çıxmaq üçün mübarizə apardı və istəyinə nail oldu. Boris Conson koronavirus pandemiyası zamanı insanlara Milad bayramında qohumlarını ziyarət etməyi qadağan etdi. Özü isə Downing Street-dəki iqamətgahında dəbdəbəli ziyafətlərdə əyləndi.

Bu və bir çox başqa qalmaqallar da onun sonunu gətirdi. Hətta ən yaxın adamları belə Consonla əməkdaşlıqdan imtina etdi və nəticədə o, Baş nazir postundan istefa verməyə məcbur oldu.

ABŞ prezidenti Donald Tramp.

2017-2021-ci illərdə ABŞ-a rəhbərlik edən Donald Tramp 2015-ci il iyunun 16-da prezidentlik iddiasına başlayanda çoxları bunu növbəti şou hesab edirdi. Milyarder, “Miss World” müsabiqəsinin sahibi, super-populyar televiziya proqramının aparıcısı olan “namizəd” ciddi siyasətçi kimi qəbul edilməyib. Aparıcılıq etdiyi şou zamanı iştirakçılardan birinin “Sən işdən çıxarıldın!” qışqırması böyük əks-səda doğurmuşdu.

Namizədliyi ilə bağlı təmtəraqlı şounu başa çatdırıb, ABŞ prezidenti olanda qızı, super model İvankanın müşayiəti ilə Nyu-Yorkdakı “Trump Tower” göydələnində qızılı eskalatordan enərək mətbuat qarşısına çıxdı. Sonra o, ABŞ-ın siyasi elitasını lağa qoymağa başladı. Ticarətdə rüsumlar tətbiq edəcəyini, miqrantlarla məşğul olacağını vəd edirdi.

Trampın “karnaval kampaniyası” bir il davam etdi. O, Rusiya ilə sövdələşmədə, modelləri zorlamağa cəhddə, vergidən yayınmada ittiham olunurdu. Yavaş-yavaş medianın özü də ondan iblis obrazı yaratdığını başa düşdü. Seçki ərəfəsində bütün rəy sorğuları onun Hillari Klintona qalib gəlmək şansının olmadığını göstərirdi. Prezident seçildikdən sonra Tramp qıcıqlandırıcı davranışından qətiyyən əl çəkməyib, siyasi məsələləri qolf meydançasında həll etməyə üstünlük verib. O, ofisində ofisiantı çağırmaq üçün prezident masasına nəhəng qırmızı düymənin quraşdırılmasını əmr edib. ABŞ daxilində etirazlara baxmayaraq, o, Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Hətta, deyəsən, onunla ortaq dil də tapıb. Bundan əvvəl isə o, az qala Şimali Koreyanı nüvə bombası ilə dağıtmaqla hədələyirdi. O, bütün siyasi rəqiblərini “axmaq” adlandırmaqda davam edir. Tramp, həmçinin, Cimmi Karterdən sonra heç bir müharibəyə başlamayan ilk ABŞ prezidenti kimi tarixə düşüb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*