“Nikol Paşinyanın “silahlara qarşılıqlı nəzarət, kvota, istifadəyə məhdudiyyətlər” təklifi birmənalı olaraq ordunun buraxılması deməkdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Hayk Nahapetyan bildirib.
Hayk Nahapetyan xatırladıb ki, “Ermənistan ordusu buraxılsa, Əliyev üçün sülh olacaq, Ermənistan üçün yox. Əliyev indi çox yaxşı bilir ki, bir müddət sonra ermənilər itirdiklərini geri qaytarmağa çalışacaqlar və o, bu gün güc mövqeyindən çıxış etdiyi üçün fürsət düşən kimi erməni ordusunu darmadağın etməyə çalışır”.
Ekspert xatırladıb ki, Əliyev bütün Ermənistanı “Qərbi Azərbaycan” hesab edir, ona görə də Ermənistanı bütövlükdə işğal etmək istəyir.
“Bu gün Paşinyan bir problemi – hakimiyyətini saxlamaq problemini həll edir. O hakimiyyəti saxlamağın qiyməti isə Azərbaycan rəhbərinin bütün tələblərini bu və ya digər dərəcədə yerinə yetirməkdir. Paşinyanın sözlərinə görə, bu, Azərbaycanın Ermənistana hücum etməyəcəyinə zəmanətdir.
Bütün bunları başqa bir reallıqla müqayisə edirəm: Suriyadakı məlum hadisələrdən əvvəl Astanada, Suriyada, İranda, Türkiyə və Rusiyada 4 dövlət Türkiyənin İdlibdə islam radikal silahlıları üzərində tam nəzarəti həyata keçirməsi ilə bağlı razılığa gəliblər. Bəli, bir neçə ildir ki, İdlibdən Suriyanın qonşu bölgələrinə hücum olmayıb, amma biz bir ay əvvəl baş verənləri gördük: Türkiyə razılaşmanı pozdu. İsrail, ABŞ və Türkiyənin Suriyada hakimiyyəti ələ keçirə biləcəyi ilə bağlı geosiyasi konsensus yaradıldı, çünki Suriya hökuməti demək olar ki, bu gün Ermənistanda Paşinyan necə davranırsa, elə davranıb”, – deyə Hayk Nahapetyan əlavə edib.
Ekspert onu da vurğulayıb ki, qüvvələr nisbəti dəyişənə qədər istənilən müqavilə imzalanır və saxlanılır, ona görə də Azərbaycanın məqsədləri dəyişməyib və dəyişməyəcək.
“İndi heç bir beynəlxalq hüquq yoxdur, yəni bir xalq BMT Təhlükəsizlik Şurasının daimi üzvləri qarşısında soyqırıma məruz qala bilər, amma BMT-də bunun qarşısını almaq mexanizmi yoxdur. Söhbət İsrailin ötən il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi soyqırımdan gedir. Güclülərin haqqı qüvvədədir, regionda hadisələrin inkişafı ilə bağlı narahatlığımız bu reallıqdan asılıdır”, – deyə o, qeyd edib.
ATƏT-in Minsk Qrupunun buraxılması təklifinə gəlincə, Hayk Nahapetyanın sözlərinə görə, Minsk qrupu faktiki olaraq işləmir, lakin de-yure mövcuddur.
“İndi geosiyasi mərkəzlərin toqquşma səviyyəsindən bir qədər yuxarı qalxsaq, görərik ki, hədəf qonşumuz İrandır.
Əliyev Zəngəzur dəhlizi ilə bağlı ultimatum verəndə ki, açılmasa, özü açacaq, bu, Azərbaycanın yox, ABŞ-ın böyük istəyidir, çünki bununla İran tamamilə əhatə olunub. Bundan sonra İsrail, Böyük Britaniya və Türkiyənin hazırlaşdığı İrana qarşı qurudan hücumu həyata keçirmək mümkün olacaq. Təsadüfi deyil ki, Əliyevin bəyanatından sonra İran Təhlükəsizlik Şurasının rəhbəri Bakıya, daha sonra İrəvana səfər edib. Həmin dəhliz İran üçün strateji əhəmiyyət kəsb edir, çünki onlar başa düşürlər ki, bu dəhliz açıldıqdan sonra onları mühasirəyə alacaqlar”, – Hayk Nahapetyan vurğulayıb.
Natiq Səlim,
KONKRET.az